- "Bu şəhər türk dünyasının diplomatik mərkəzinə çevrilir, beynəlxalq nüfuzu artır”
Zəfər Günü Azərbaycanın müasir tarixində yalnız torpaqlarımızın işğaldan azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu tarixi hadisə kimi deyil, həm də dövlətin qarşısında yeni inkişaf mərhələsi açan böyük dönüş nöqtəsi kimi xüsusi yer tutur.
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ardınca Qarabağ və Şərqi Zəngəzurda başlanan nəhəng quruculuq işləri, Böyük Qayıdışın mərhələli şəkildə reallaşdırılması, dağıdılmış şəhər və kəndlərin yenidən həyata qaytarılması Azərbaycanın Zəfər salnaməsinin mühüm tərkib hissəsinə çevrilib. Bu mənada, azad edilmiş ərazilərin bərpası və yenidən qurulması hərbi Qələbənin siyasi, iqtisadi və sosial müstəvidə davam etdirilməsi, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Zəfərdən sonrakı ən böyük uğurlarından biri kimi müsbət dəyərləndirilir.
Qeyd edək ki, 8 noyabr tarixində Şuşanın azad edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qarşıda daha böyük və məsuliyyətli vəzifə – işğal nəticəsində dağıdılmış şəhərin bərpası, tarixi simasının qorunması, infrastrukturunun yenidən qurulması və sakinlərinin doğma yurdlarına qayıdışının təmin edilməsi dayanırdı. Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın qələbədən sonrakı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şuşanın dirçəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Qarabağ və Şərqi Zəngəzurun bərpası siyasətinin ən mühüm istiqamətlərindən biridir. Şəhərin yenidən qurulması, yaşayış məntəqələrinin bərpası, sosial infrastrukturun yaradılması və əhalinin mərhələli şəkildə məskunlaşdırılması dövlətin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl həyata keçirildiyini göstərir.
Milli Məclisin deputatı Şahin Seyidzadə Sherg.az-a açıqlamasında bildirib ki, Böyük Qayıdış siyasətinin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə həyatın bütün sahələrini yenidən canlandırmaq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat qayıdışını təmin etmək, müasir yaşayış infrastrukturu yaratmaq və bölgənin iqtisadi potensialını ölkə iqtisadiyyatına inteqrasiya etməkdir:
“Torpaqlarımızın azad edilməsindən dərhal sonra şəhərlərimizdə bərpa-quruculuq işlərinə başlanılması dövlətin bu məsələyə verdiyi yüksək əhəmiyyətin göstəricisi idi. İlk növbədə, enerji, su, yol və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı məsələləri həll olunmağa başladı. Paralel olaraq tarixi-mədəni abidələrin qorunması və bərpası istiqamətində layihələr həyata keçirildi. Bu yanaşma şəhərlərimizin yalnız fiziki cəhətdən yenidən qurulmasını deyil, onun tarixi və mənəvi kimliyinin də qorunmasını nəzərdə tuturdu. Azad olunan şəhər və kəndlərin bərpasında nəqliyyat infrastrukturunun xüsusi önəmi olduğu üçün yolların yenidən qurulması və yeni nəqliyyat bağlantılarının yaradılması bölgənin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin mürəkkəb dağlıq ərazidən keçərək Şuşaya doğru irəlilədiyi istiqamətdə salınan 101 kilometrlik Zəfər yolu bu baxımdan xüsusi simvolik məna daşıyır. Prezident İlham Əliyevin adlandırdığı bu yol həm tarixi qələbənin rəmzi, həm də azad edilmiş şəhərlə ölkənin digər bölgələri arasında mühüm nəqliyyat bağlantısıdır”.
Ş. Seyidzadə qeyd edib ki, 8 Noyabr – Şuşa Şəhəri Günü bu baxımdan yalnız tarixi qələbəni xatırlamaq deyil, həm də həmin qələbənin yaratdığı yeni imkanları qiymətləndirmək üçün əlamətdar gündür:
“Şuşanın hər bir bərpa olunmuş küçəsi, istifadəyə verilmiş yaşayış binası, fəaliyyətə başlayan sosial obyekti və doğma yurduna qayıdan hər bir sakini Azərbaycanın quruculuq siyasətinin real nəticəsidir. Əminliklə demək olar ki, Şuşa qarşıdakı illərdə həm Azərbaycanın mühüm mədəniyyət və turizm mərkəzi, həm də müasir şəhərsalma və davamlı inkişaf nümunəsi kimi öz mövqeyini daha da möhkəmləndirəcək. Bu qədim şəhərin dirçəlişi xalqımızın tarixi yaddaşına, milli iradəsinə və gələcək nəsillərə olan məsuliyyətinə əsaslanan böyük quruculuq salnaməsidir. Şuşa artıq yalnız azad edilmiş şəhər deyil. O, yenidən qurulan, məskunlaşan, inkişaf edən və gələcəyə inamla addımlayan Azərbaycanın rəmzidir.
Şuşanın inkişafında şəhərin Baş planının xüsusi əhəmiyyəti var. 2024-cü il oktyabrın 21-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Bu sənədin hazırlanmasında Şuşanın coğrafi xüsusiyyətləri, tarixi-memarlıq quruluşu, təbii landşaftı və gələcək məskunlaşma perspektivləri nəzərə alınıb. Baş planda yaşayış fondunun genişləndirilməsi, sosial və mədəni xidmət obyektlərinin yaradılması, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun inkişafı, məktəb, bağça və səhiyyə müəssisələrinin əlçatanlığının təmin edilməsi kimi məsələlər əksini tapıb. Eyni zamanda, şəhərin tarixi hissəsində mövcud memarlıq quruluşunun qorunması, tarixi abidələrin bərpası və yeni tikililərin şəhərin ümumi simasına uyğunlaşdırılması əsas prinsiplər kimi müəyyənləşdirilib.
Bu yanaşma Şuşanın inkişafının yalnız tikinti işləri ilə məhdudlaşmadığını, şəhərin gələcək nəsillərə öz tarixi siması ilə çatdırılmasının da dövlət siyasətinin mühüm məqsədlərindən biri olduğunu göstərir. Müasir şəhərsalma prinsipləri ilə tarixi irsin qorunmasının uzlaşdırılması Şuşanın gələcək inkişafının əsas şərtlərindəndir. Şəhərdə yaşayış fondunun yaradılması Böyük Qayıdış prosesinin ən vacib istiqamətlərindən biridir. İşğal dövründə doğma yurdlarından didərgin düşmüş şuşalıların geri qayıtması üçün yeni yaşayış binaları tikilir, mövcud tikililər bərpa olunur, mənzil-kommunal şəraiti yaxşılaşdırılır. İlk yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərin doğma şəhərə qayıtması bu prosesin real nəticələrini nümayiş etdirdi.
Sonrakı mərhələlərdə yeni yaşayış komplekslərinin tikintisi davam etdirildi. Şəhərdə 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Bununla yanaşı, növbəti yaşayış layihələrinin icrası nəzərdə tutulub. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksinin inşası da Şuşanın yaşayış fondunun genişləndirilməsinə xidmət edir. Böyük Qayıdışın uğuru yalnız yeni mənzillərin tikilməsi ilə ölçülmür. İnsanların doğma yurdlarında daimi yaşaması üçün təhsil, səhiyyə, sosial xidmət, məşğulluq və digər imkanların yaradılması da vacibdir. Bu baxımdan, Şuşada məktəb, xəstəxana, xidmət mərkəzləri və digər sosial obyektlərin fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Şuşa şəhərində birinci tam orta məktəbin açılması gələcək nəsillərin doğma şəhərdə təhsil alması üçün mühüm imkan yaradıb. Peşə təhsili müəssisələrinin inkişafı isə bölgədə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına şərait yarada bilər. Şəhərin gələcək inkişafında təhsilin rolu xüsusilə böyükdür. Çünki Şuşanın yenidən canlanması yalnız binaların və yolların tikilməsi ilə deyil, burada yaşayan, işləyən, yaradan və inkişaf edən insanlarla mümkün olacaq”.
Deputat Şuşanın iqtisadi inkişaf perspektivlərinin də geniş olduğunu əlavə edib: “Şəhərin tarixi-mədəni irsi, turizm imkanları, təbii gözəllikləri və əlverişli mövqeyi onun gələcəkdə mühüm turizm mərkəzinə çevrilməsi üçün böyük potensial yaradır. Bu potensialın reallaşdırılması üçün hotellərin, istirahət obyektlərinin, iaşə müəssisələrinin və xidmət sahələrinin inkişafı vacibdir.
Artıq şəhərdə “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra fəaliyyətə başlayıb. “Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi” də şəhərin turizm və tədbirlər infrastrukturunun inkişafına xidmət edir. “İsa bulağı” istirahət kompleksinin istifadəyə verilməsi isə Şuşanın təbii imkanlarının turizm məqsədləri üçün dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.
2026-cı il üçün Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi şəhərin beynəlxalq turizm imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər açır. Bu status Şuşanın regionda və beynəlxalq miqyasda tanıdılmasına, turist axınının artırılmasına və xidmət sektorunun inkişafına töhfə verə bilər.
Turizm sahəsinin inkişafı yerli iqtisadi fəallığın artmasına da şərait yaradır. Mehmanxana təsərrüfatı, ictimai iaşə, nəqliyyat, sənətkarlıq, bələdçilik və digər xidmət sahələrinin genişlənməsi yeni məşğulluq imkanları yarada bilər. Şuşanın ənənəvi sənətkarlıq və yaradıcılıq mühitinin bərpası da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Şəhərin iqtisadi inkişafında özəl sektorun iştirakı xüsusi diqqətə layiqdir. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr dövlət investisiyalarının özəl təşəbbüslərlə tamamlanmasına imkan yaradır. Bu model Şuşada yeni xidmət sahələrinin formalaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və iqtisadi həyatın canlanmasına xidmət edə bilər.
Şuşanın dirçəlişində mədəniyyət və beynəlxalq tədbirlər də mühüm rol oynayır. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və digər tədbirlər şəhərin mədəni həyatını canlandırmaqla yanaşı, onun beynəlxalq tanıdılmasına da töhfə verir. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün məhz Şuşada keçirilməsi şəhərin yeni siyasi və diplomatik əhəmiyyətini nümayiş etdirdi.
Şuşanın yenidən qurulması həm də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Xarici ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin şəhərə səfərləri burada aparılan bərpa işlərinin, yaradılan infrastrukturun və yeni həyatın nümayişi üçün mühüm imkan yaradır. Şuşa artıq yalnız tarixi hadisələrin məkanı deyil, Azərbaycanın müasir inkişafını və quruculuq potensialını göstərən şəhərdir”.
Ş Seyidzadə qeyd edib ki, Böyük Qayıdış prosesinin əsas məqsədi insanların doğma yurdlarında təhlükəsiz, layiqli və davamlı həyatının təmin edilməsidir:
“Prosesin davamlılığı üçün yeni iş yerlərinin yaradılması, sosial xidmətlərin genişləndirilməsi, sahibkarlığın təşviqi və şəhərin iqtisadi dövriyyəyə daha fəal qoşulması vacibdir. İnsanların doğma şəhərlərinə qayıtması ilə yanaşı, burada qalması, işləməsi və gələcək planlarını qurması üçün zəruri şərait yaradılmalıdır. İşğaldan azad olunan şəhərlərimizin bərpası və inkişafı Azərbaycan xalqının tarixi ədalətin bərpasından sonra qarşıya qoyduğu quruculuq məqsədlərinin həyata keçirilməsidir. Müharibədə əldə edilən qələbənin davamı olaraq azad edilmiş ərazilərdə yeni həyatın qurulması dövlətimizin gücünü, iqtisadi imkanlarını və gələcəyə yönəlmiş strategiyasını nümayiş etdirir”.