44 günlük Zəfərimizdən sonra ölkəmizdə qələbəmizi tərənnüm edən çox saylı məqalələr, elmi və bədii əsərlər yazılıb, çap edildi. Onlardan biri də 2025-ci ildə Hüquq və İnsan Haqları İnstitutunda ərsəyə gələn Vəfaddin İbayevin, “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı əsərdir. Əsər müasir Azərbaycan tarixində ən böyük qələbəmizi, zəfərimizi dövlət suverenliyinin bərpasını şərtləndirən 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrinin üç istiqamətində təhlilinə həsr olunub.
Əsərdə irəli sürülən ideyaların, onların reallaşdırılması yollarının Ali Baş Komandan tərəfindən ustalıqla həyata keçirilməsi prosesi və ən əsası müharibə dövründə diplomatik bacarıqlarını bütün dünyaya yüksək səviyyədə nümayiş etdirməsi geniş şəkildə şərh və təhlil edilib.
Kitabın “Ön söz”ünün müəllifi Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadədir. O, qeyd edir ki, “Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində iki əsas amilə - haqq, ədalət və beynəlxalq hüquqa əsaslanırdı. İstər haqq, ədalət, istərsə də beynəlxalq hüquq zor gücünə ərazinin işğalını yolverilməz hesab edir, bu haqsızlığın isə zor gücünə bərpasına bəraət qazandırırdı”. Müəllif tamamilə haqlıdır. Taleyüklü məsələnin həllində xalqının gücünə, qüdrətinə, vətənpərvərliyinə güvənən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Biz ancaq öz gücümüzə arxalanmalıyıq” deyərək haqq və ədalət uğrunda mübarizəyə qalxdı. Burada Ordumuzun gücü, insanlarımızın vətənpərvərliyi, qardaş dövlətlərlə tərəfdaşlığın möhkəmliyi 44 günlük Zəfərimizə gətirib çıxardı. Ən əsası 44-günlük Zəfərimiz bütün dünyaya Ordu+Xalq birliyimizi, möhkəmliyimizi bəyan etdi.
“Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı əsəri oxuduqca bir jurnalist kimi, diqqətimizi əsas cəlb edən Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif dillərdə, dünyanın ən mötəbər media orqanlarına verdiyi müsahibələr oldu. Bu möhtəşəm müsahibələr bir daha sübut etdi ki, biz 44 günlük Vətən müharibəsində cəbhədə olduğu kimi, informasiya cəbhəsində də ləyaqətlə vuruşduq və düşmənin saxta xəbərlərini bütün dünyada faş etdik. Ermənilər və onların havadarları 44-günlük müharibə ərzində media orqanlarında, saytlarda, xüsusən də sosial şəbəkələrdə Azərbaycanın əleyhinə “saxta xəbərlər” yaymaqla nəinki Ermənistanda, hətta bütün dünyada çaşqınlıq yaratmağa çalışırdılar. Azərbaycan Silahlı Qüvvələrinin uğurlarını həzm edə bilməyən Ermənistan və onun havadarlarının media qurumları Azərbaycanla həm də saxta informasiya müharibəsi aparırdılar. Xüsusən də “rus media orqanlarının 90 faizi saxta xəbərlərlə erməni mövqeyini müdafiə edirdi”. Məsələn, “Rossiya 24”, “Rossiya1”, “Sputnik” İnformasiya Agentliyi”, “RBK” kanalları və s. müntəzəm olaraq Azərbaycanla bağlı qeyri-obyektiv mövqe nümayiş etdirirdilər.
Rəşadətli Ordumuzun Şuşanı düşməndən azad etməsi xəbərini təkcə Ermənistan mediası deyil, Rusiya mediası da həqiqəti bilə-bilə yalan informasiya verirdi. Hərbi jurnalist Semyon Peqov və Rusiyanın digər jurnalistləri müxtəlif media qurumlarında Azərbaycanın Şuşanı nəzəarətə götürməsini, azad etməsini “yalan” adlandırırdı. Burada onların əsas məqsədi Azərbaycan xalqında, xüsusən də ordumuzda ruh düşkünlüyü yaratmaq, ordu, xalq birliyinə kölgə salmaq, ölkəmizdə çaxnaşma yaratmaq, insanlarda hakimiyyətə qarşı inamsızlıq yaratmaq və s. idi. Xoşbəxtlikdən arzuları gözlərində qaldı.
Təəssüflər ki, bu zaman dahi Üzeyir Hacıbəylinin təbirincə desək, “İçimizdəki Denikinlər” də “Azərbaycanın sosial şəbəkələrində "fake" xəbərlər də yayılırdılar”. İstər bu, istərsə də dünya KİV-də yayımlanan saxta xəbərləri Azərbaycan KİV-i, xüsusən də AzTV-də yayımlanan informasiya proqramları alt-üst edərək cəmiyyətə doğru, düzgün informasiya verdi. Burada hər zaman olduğu kimi, dəqiqlik öndə idi. Müharibə zamanı AzTV fasiləsiz rəsmi xəbərlər, hadisə yerindən canlı bağlantılar verirdi. Azərbaycan Respublikası Prezidentinin çıxışlarını, müsahibələrini, Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarını operativ şəkildə cəmiyyətə çatdırırdı. Sosial şəbəkələrdə yayımlanan dezinformasiyaların qarşısının alınmasında AzTV çox böyük rol oynadı. Müharibə haqqında doğru, dürüst, rəsmi məlumatlarla cəmiyyəti mütəmadi olaraq təmin etmək üçün AzTV proqramlarında dəyişikliklər etdi. Müharibə ilə bağlı mütəmadi verilişlər hazırladı, studiyaya mütəxəssislər dəvət etdi və s. Nəticədə AzTV 44 günlük Vətən müharibəsində rəsmi, doğru informasiyanın məkanı oldu. Böyükdən kiçiyə bütün xalqımız televiziya ekranının qarşısına yığışaraq cəbhədən xoş xəbərlər gözləyirdi.
44 günlük Zəfərimiz zamanı qardaş Türkiyə də hər sahədə olduğu kimi informasiya sahəsində də ədalətin yanında durdu. Türkiyənin məşhur aparıcı media qurumları, əsasən də “TRT-Haber”, “CNN-Türk”, “Haber Global-TV”, “Haber-Türk TV”, “NTV”, “A Haber” TV Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq üçün proqramlarında dəyişikliklər etdilər. Qarabağa həsr edilən informasiyalar, sənədli filmlər, canlı reportajlar və s. mütəmadi olaraq yayımlanmağa başladı. “Haber Global”, “CNN Türk” televiziya kanallarının müxbirləri müharibə qurtarana kimi cəbhə bölgəsində qaldılar, Azərbaycan Ordusunun uğurlarını bütün dünyaya bəyan etdilər.
Qardaş ölkənin “ATV”, “Fox TV” və başqa kanallarının xəbər aparıcıları Ordumuzun uğurlarını şövqlə, böyük sevinc hissilə tamaşaçılara çatdırırdılar. “Fox TV” kanalının xəbər aparıcısı Gülbin Tosun hər gün “tək deyilsiniz, yanınızdayıq deyirik” söyləyərək sanki bütün dünyaya bu qardaşlığın əbədi olduğunu xatırladırdı. “Kanal D” müharibənin ilk günlərindən cəbhədən canlı bağlantılar edirdi. “Haber Global”ın və “CNN Türk” televiziya kanallarının müxbirləri Murat Karataş və Fulya Öztürk müharibə qurtarana kimi ön cəbhədə oldular, canlı bağlantılar, reportajlar verərək Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdilər.
Bu da bir faktdır ki, bu gün “Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etməsi siyasi reallıqdır”. Bu reallıq həm də bölgədə sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı, sülhü təmin edir. Odur ki, onu əbədiləşdirmək üçün həm Azərbaycan, həm də Türkiyə KİV var gücü ilə çalışır və çalışmalıdır.
Yuxarıda qeyd etdik ki, 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev yerli KİV-lə yanaşı, dünyanın ən nüfuzlu media orqanlarına müsahibələr verdi. Türk, rus, ingilis, fransız, ərəb və s. dillərdə yayımlanan müsahibələr müharibə zamanı informasiya cəbhəsində Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə doğru-dürüst çatdırılmasında müstəsna rol oynadı və bütün cəbhələrdə apardığı döyüşə hazırlıq səviyyəsini dünyaya nümayiş etdirdi. Doğrudur, informasiyanı bütün janrlar verir və onların hər birinin bu sahədə özünəməxsus xüsusiyyətləri var. Amma informasiya janrları, xüsusən də xəbər və müsahibənin ayrıca yeri var.
Qeyd etdiyimiz həmin müsahibələr əsasən Rusiya, Qərb və Türkiyə mediasına verilib. Əlbəttə, bu media qurumları fərqli ölkələrin informasiya vasitələridir və ölkəmizə də münasibətləri fərqlidir. Odur ki, heç də təsadüfi deyil ki, həmin müsahibələrdə “problemə fərqli, qərəzli yanaşma, hətta bəzi hallarda etik normaların pozulması da” özünü əks etdirir. Qərb və Rusiya mediasının jurnalistləri Ali Baş Komandan İlham Əliyevə qərəzli, çarpaz, məntiqsiz, ittiham xarakterli suallar versələr də, yalnız doğru, məntiqli, ədalətli, səlis cavablarla üz-üzə qaldılar.
Bildiyimiz kimi, istər canlı yayımda alınan, istər əvvəlcədən hazırlanmış müsahibələrdə jurnalist yalnız sual verməklə və yaxud verilən cavabı dinləməklə kifayətlənməməlidir. Xüsusən də televiziya müsahibələrində. Buna milyonlarla insanlar baxır. Müsahib də, jurnalist də müsahibə zamanı həm də üz ifadələri, jestləri ilə də informasiya verə bilərlər. Ali Baş Komandan İlham Əliyevdən götürülən bu müsahibələr zamanı bəzi jurnalistlərin məsələyə qərəzli yanaşması, onların həm suallarında, həm də üz ifadələrində, jestlərində özünü büruzə verirdi. Lakin onların bu qərəzli münasibətinə Ali Baş Komandan İlham Əliyev etik normalara çox yüksək səviyyədə əməl edərək, daha canlı, səmimi danışaraq, mövzu haqqında doğru, düzgün, ətraflı informasiya verərək, sanki onlara dərs keçirdi.
Doğru fakt və dəlillərlə zəngin olan bu müsahibələr nəinki regionda, hətta bütün dünyada əks-səda doğurmaqla yanaşı, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, ermənilərin və havadarlarının saxta xəbərlərini darmadağın etdi, dünya ictimaiyyətinə obyektiv məlumatlar verildi. Bu faktın özü bir daha sübut edir ki, Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də qələbə çaldı. Deməli, bu savaş yalnız müharibə meydanında deyil, həm də media sahəsində gedirdi və “iki ölkə arasındakı informasiya savaşında qalibi də müəyyənləşdirdi”.
Müharibə jurnalistikasında mövzunun ciddiliyini və kütləvi şüura təsirliliyini nəzərə alsaq, jurnalistdən daha məsuliyyətli və dəqiq olmağı tələb edir. Qardaş Türkiyənin və öz jurnalistlərimiz 44 günlük Vətən müharibəsində bu prinsiplərə çox gözəl əməl etdilər.
Burada bir faktı da qeyd etmək mütləq lazımdır ki, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə verdiyi bu müsahibələr BDU-nun nəşriyyatında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə Xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələri (27 sentyabr-10 noyabr 2020-ci il)” adlı dərs vəsaiti şəklində çap edilib. Dərs vəsaiti BDU-nun Elmi Şurasının 23 aprel 2021-ci il tarixli iclasının qərarı ilə (pr.№ 5) təsdiq edilib. Kitab BDU-da həyata keçirilən “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi çərçivəsində hazırlanıb. Layihənin ideya müəllifi və rəhbəri BDU-nun rektoru Elçin Babayevdir. Bu müsahibələr “milli yaddaşımızı yaşatmaq baxımından müstəsna tarixi əhəmiyyətə malikdir”. Ona görə onların bir yerə toplanması və nəşri təqdirəlayiq haldır.
44 günlük Vətən müharibəmiz həm də bizə dünya mediasının savaşa yanaşmasını əks etdirdi. Təbii, Ermənistanın havadarları, əsasən də Rusiya və Fransa mediası savaşa qərəzli yanaşaraq dünya ictimaiyyətinə yanlış informasiya ötürürdü. Əlbəttə, bu yanlışlıqları ölkəmizin və qardaş Türkiyənin mediası birlikdə aradan qaldıraraq, həqiqətləri bəyan edirdi. Odur ki, 44 günlük Vətən müharibəsi “Azərbaycanın çoxəsirlik tarixində misli görünməmiş bir zəfər oldu” həm döyüş, həm informasiya meydanında.
Müharibə zamanı Kütləvi İnformasiya Vasitələrimizdə 44 günlük Vətən müharibəsində səfərbərliyə adekvat yanaşma ortaya qoyaraq cəmiyyətdə ruh yüksəkliyi aşıladı, Ordu+Xalq birliyi yaratdı. Tarixə nəzər yetirsək, həmişə informasiya müharibələrinin, informasiya inqilablarının, informasiya təcavüzünün olduğunun şahidi oluruq. Bizim KİV də 44 günlük Vətən müharibəsində bu sınaqdan üzüağ çıxaraq, şərəfli bir tarix yazdı. Burada həm elektron, həm də çap mediamızın özünəməxsus payı var.
Sonda bir daha qeyd edirik ki, 44 günlük Zəfərimizi tərənnüm edən elmi-bədii məqalələr, əsərlər və s. daha çox yazılmalı, təbliğ edilməlidir. Çünki belə mənbələr həm də Zəfərimizin “diplomatik, hüquqi, siyasi və mənəvi aspektlərini” geniş şəkildə bəyan edirlər.
Qərənfil Dünyamin qızı,
Filologiya elmləri doktoru, BDU-nun professoru
Sevil Həsənova,
Filologiya elmləri doktoru, BDU-nun professoru