“İranda tələbə etirazları yenidən böyük xalq üsyanına çevrilə bilər”
Məhəmməd Əsədullazadə: “Sərt tədbirlər etirazları dayandırmayacaq, proseslər daha da genişlənəcək”
İranda universitet auditoriyaları yenidən siyasi tribunaya çevrilib. Fevralın 21-dən etibarən Tehran və Məşəd şəhərlərində, tələbələr küçələrə çıxaraq edam hökmlərinə və etirazlara görə narazılıqlarını ifadə ediblər.
Aksiya iştirakçıları “diktatora ölüm”, “məhbus tələbələrə azadlıq” və “tələbə ölər, alçalmağı qəbul etməz” kimi şüarlarla mövqelərini ortaya qoyublar. Lakin hökumətə bağlı radikal qruplaşma tələbələrə hücum edərək, bir neçəsinin yaralanmasına səbəb olub. Digər tərəfdən, məsələnin beynəlxalq ölçüsü də diqqət mərkəzindədir. ABŞ prezidenti Donald Trampın edamların icra ediləcəyi təqdirdə “çox sərt tədbirlər” görüləcəyi ilə bağlı xəbərdarlığını nəzərə alsaq, Tehran və Vaşinqton xəttində proseslərin hansı mərhələyə keçəcəyi sual altındadır. 
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, İranda tələbə etirazları ölkənin siyasi dinamikasında mühüm yer tutur:
“Onların etirazı haqlı müstəvidədir. Lakin burada müəyyən qədər ABŞ və İsrail kəşfiyyatının rol aldığını nəzərə almaq lazımdır. Əgər tələbələrin aksiyaları kütləvi xarakter alsa, xalq etirazları ilə alovlanan proseslər yenidən cərəyan edəcək. İran həm daxili sabitlik baxımından, həm də xarici müstəvidə güclənən geosiyasi təzyiqlər səbəbindən təhdid altındadır. Amerika ciddi şəkildə İrana qaşrı müharibəyə hazırlaşır. Tehran rəhbərliyi isə potensial riskləri nəzərə alaraq təhlükəsizlik və müdafiə tədbirlərini gücləndirməyə başlayıb”.
Politoloq, xarici qüvvələrin İrana mümkün müdaxilələrindən bəhs edib:
“Bu ilin 28 yanvar tarixində İran tərəfi diplomatik insident yaradaraq, Niderland nümayəndəsini Tehran hava limanında baqajını təhvil etməyə məcbur etdi. Niderlandlı diplomatın çantasından, peyk telefonu və "Starlink" modemi müsadirə olundu. "Starlink" terminalları əvvəllər İranda hökumət əleyhinə etirazlarda istifadə olunub. Bütün bunlar göstərir ki, Qərb ölkələri, Amerika və İsrail İran daxilində iğtişaşlar yaratmağa çalışırlar. Tələbələr islahatların həyata keçirilməsi, edam cəzalarının dayandırılması və həbsdə olan tələbələrin azadlığa buraxılması kimi tələblərlə çıxış edirlər. Mövcud gedişat göstərir ki, hakimiyyət islahat yönümlü addımlar əvəzinə sərt inzibati tədbirlərə üstünlük verir. Artan gərginlik, yeni və daha genişmiqyaslı etirazların yaranmasına səbəb olacaq”.
Aybəniz Səfərova