Telefon danışığı Rusiyaya daha çox lazım idi - ŞƏRH

Azərbaycan təyyarəsinin vurulması və diaspor məsələsi hələ həll olunmayıb

Natiq Miri: “Moskva üzərinə düşən addımları atmasa, Azərbaycan-Rusiya münasibətləri gərginləşə bilər”

Rusiya Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rusiya rəhbəri dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan dövlət başçısı İlham Əliyev arasındakı telefon danışığı çox səmimi və lazımlı söhbət olub. Onun sözlərinə görə, Rusiya lideri Əliyevi ad günü və Yeni il münasibətilə ürəkdən təbrik edib. Mövcud vəziyyət də müzakirə olunub.

Politoloq Natiq Miri "Şərq"ə deyib ki, bu telefon danışığı indiki zamanda daha çox Rusiyaya lazım idi. Ekspert vurğulayıb ki, telefon danışığından öncə Rusiyada Avrasiya İqtisadi Birliyinin və Müstəqil Dövlətlər Təşkilatının qeyri-rəsmi iclasları keçirilib: "Rusiya bu cür toplantılar təşkil etməklə, dünyaya özünü hələ də böyük və aparıcı güc kimi təqdim etmək, imperiya olduğunu nümayiş etdirmək niyyətindədir. Kreml rəhbərinin dəvəti bütün MDB ölkələrinin başçılarına göndərilmişdi. Amma Azərbaycan Prezidenti iş qrafikinin sıxlığı ilə bağlı sözügedən tədbirə qatıla bilmədi. Əvəzində dövlət başçısı MDB-dən daha əhəmiyyətli tədbirlərə qatıldı. Bilirsiz ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məskənləri salınır və hazır olan mənzillərə keçmiş məcburi köçkünlər köçürülür. Deməli, dövlət başçısı "Böyük Qayıdış" prosesini və sakinlərlə görüşü daha mühüm hesab edib. Belə məqamda Rusiya prezidentinin zəngi Kreml rəhbərinin narahatlığını göstərir. Azərbaycan MDB üçün sıradan ölkə deyil. Qlobal səviyyədə bir sıra ilkləri tətbiq edən lokomotiv bir dövlətə çevrilmişik. O səbəbdən Rusiya dövlət başçısının Azərbaycan Prezidentinə zəngi çox vacib və lazımlı dəyərləndirilir". 

N.Miri xatırladıb ki, Düşənbədə iki dövlət başçısının görüşü zamanı Azərbaycan xalqından üzr istənildi: "Eyni zamanda etiraf olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiyanın hava məkanında vurulub və istintaqın başa çatdırılacağı, məsuliyyəti olanların cəzalandırılacağı, təzminatın ödəniləcəyinə söz verildi. Amma xeyli zaman keçsə də, Rusiyadan ciddi hərəkətlilik görmürük. Rusiya üzərinə düşən addımları atmayıb. Bununla bərabər, Rusiyada Azərbaycan diaspor nümayəndələrinin total sıxışdırılması, istintaqa cəlb olunması nəinki dayanıb, hətta artan xətlə gedir. Görünür, hələ də müəyyən şəbəkələr Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsində maraqlı deyillər. Ona görə də Moskva həmin qərəzli şəbəkələrə imkan verməməli və tezliklə öhdəlikləri həyata keçirməlidir ki, iki ölkə arasındakı münasibətlər gərginləşməsin".