Türkiyədə “Terrorçusuz Türkiyə” prosesi çərçivəsində yaradılan Təqib və Qiymətləndirmə Şurası bu gün ilk iclasını keçirir. İclasa vitse-prezident Cevdet Yılmaz rəhbərlik edəcək.
Sherg.az xəbər verir ki, Prezident Administrasiyasının Kompleksində keçiriləcək toplantının əsas gündəmi terror təşkilatının buraxılması və silahların təhvil verilməsi prosesinin izlənməsi olacaq.
İclasda ədliyyə, xarici işlər, daxili işlər və milli müdafiə nazirləri, həmçinin Prezident Administrasiyasının baş katibi, MİT rəhbəri və Milli Təhlükəsizlik Şurasının baş katibi iştirak edəcək.
Şura PKK/KCK və onunla əlaqəli strukturların ləğvi, eləcə də terror təşkilatının nəzarətində olan silah-sursatın tam təhvil verilməsi prosesini izləyəcək. Silahların geri dönməz şəkildə təhvil verildiyinin müəyyənləşdirilməsi üçün dövlət qurumları arasında koordinasiya aparılacaq.