Tramp BMT-nin qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı çıxıb

ABŞ Prezidenti Donald Tramp BMT-nin qərargahının ABŞ-dən kənara köçürülməsini məqsədəuyğun saymadığını bildirib və təşkilatın böyük potensiala malik olduğunu vurğulayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Politico" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, BMT nə Nyu-Yorku, nə də ABŞ-ni tərk edəcək.

“Bunun uyğun olduğunu düşünmürəm. BMT-nin böyük potensialı var”, - Tramp deyib.

Daha əvvəl "The New York Times" BMT əməkdaşına istinadən yazmışdı ki, maliyyə çatışmazlığı səbəbindən təşkilat fəaliyyətinin miqyasını azaltmaq və ya hətta Nyu-Yorkdakı qərargahını bağlamaq məcburiyyətində qala bilər.

Tramp bildirib ki, gələcəkdə münaqişələrin qarşısının alınmasında BMT daha fəal rol oynaya bilər.

“Mən olmayanda, müharibələri dayandırmaq işi ilə BMT məşğul ola bilər. Onun inanılmaz potensialı var”, - deyə ABŞ prezidenti qeyd edib.

ABŞ lideri, həmçinin bəzi ölkələrin BMT-yə üzvlük haqlarını ödəməməsi problemini asanlıqla həll edə biləcəyinə əmin olduğunu söyləyib. Onun fikrincə, lazım gələrsə, NATO-da olduğu kimi, bütün ölkələri ödəniş etməyə məcbur edə bilər. Tramp ABŞ-nin BMT-yə olan mümkün borcları ilə bağlı isə konkret açıqlama verməyib.

Qalereya