Tramp Davos forumunda Zelenski ilə görüşməyi planlaşdırmır

ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi görüş keçirməyi planlaşdırmır. Politico nəşrinin məlumatına görə, bu qərar birbaşa Ağ Ev administrasiyasından qaynaqlanır.

Sherg.az xəbər verir ki, mənbənin bildirdiyinə görə, Zelenski Trampın onun iştirakı olmadan digər tərəflərin təsiri altına düşə biləcəyindən narahatdır və mövqeyini şəxsən çatdırmağa çalışır.

İkitərəfli görüş əvəzinə Trampın qrafikində “istəkli koalisiya” adlandırılan formatda liderlərin toplantısı nəzərdə tutulur. Bu görüşdə Aİ ölkələrinin rəhbərlərinin Trampı Ukraynaya “təhlükəsizlik zəmanətləri” verilməsinə razı salmağa cəhd göstərəcəyi gözlənilir.

Qeyd olunur ki, Davos forumunda əsas müzakirə mövzusu Qrenlandiya olacaq, Ukrayna məsələsi isə ikinci plana keçəcək.