ABŞ prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hücumların tarixə ölkəsinin ən uğurlu addımlarından biri kimi düşəcəyini iddia edib.
Sherg.az xəbər verir ki, Tramp Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamasında İranla bağlı hərbi əməliyyatları şərh edib.
“İranla bağlı sual budur: bu məsələni indi, yoxsa sonra həll edəcəyik? Gözləyə bilərik. Qonşularından bəziləri mövcud vəziyyətin dəyişməməsini istəyir”, – deyə o bildirib.
Tramp İranla müharibədə qalib gəldiklərini iddia edərək, Tehranın nüvə silahına sahib olacağı təqdirdə dünya üçün təhlükə yaradacağını söyləyib. O, hücumlar zamanı ABŞ-nin heç bir hərbçisini itirmədiyini də irəli sürüb.
ABŞ prezidenti İranın körpülərinə və elektrik stansiyalarına zərbələr endirə biləcəklərini, lakin bunun ölkənin yenidən qurulmasını xeyli çətinləşdirəcəyini bildirib.
Tramp vitse-prezident Cey Di Vensin İranla müharibənin aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinə səbəb olması barədə fikirlərini də şərh edib. O, Vensin açıqlamalarından narazı qalanlarla razılaşmadığını deyib və İrana yenidən hücum etmək imkanı olsaydı, eyni qərarı verəcəyini vurğulayıb.