Tramp Konqres seçkilərində məğlubiyyətin səbəbini qiymət artımında görür

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsini etiraf edərək rəqiblərini təbrik edib və onlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə CBS telekanalına müsahibəsində danışıb.

“Demokratları təbrik edirəm və ölkənin rifahı naminə onlarla əməkdaşlıq etməyə ümid edirəm”, – deyə ABŞ lideri bildirib.

Seçkilərin nəticələrinin onu təəccübləndirdiyini söyləyən Tramp Respublikaçılar Partiyasının namizədlərinin daha yaxşı nəticə göstərəcəyini düşündüyünü qeyd edib. Məğlubiyyətin səbəblərindən danışan prezident yanacaq qiymətlərinin artmasına diqqət çəkib.

“Düşünürəm ki, məsələ qiymətlərdədir. İnsanlar İranla bağlı siyasətimi dəstəkləyirlər, lakin bunun qısamüddətli nəticələrinə hazır deyildilər”, – deyə Tramp vurğulayıb.

Nəşrin yazdığına görə, İrana qarşı müharibənin fevralda başlamasından sonra ABŞ-da benzinin qiyməti 40%, dizelin qiyməti isə 72% artıb. Məqalədə bildirilir ki, amerikalıların yanacağa əlavə xərcləri təxminən 160 milyard dollara çatıb.

Müəllif hesab edir ki, seçkilərdəki məğlubiyyət Trampı iqtisadi vəziyyəti sabitləşdirməyə və beynəlxalq münaqişələrin həlli istiqamətində daha fəal addımlar atmağa sövq edə bilər. Bu baxımdan, Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına Vaşinqtonun marağının artacağı ehtimal olunur. Məqalədə noyabrın 10-da Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların planlaşdırıldığı da qeyd edilir.

Bununla yanaşı, Tramp Konqresdə demokratların təşəbbüslərinə qarşı veto hüququndan istifadə edə biləcəyinə işarə edib. ABŞ prezidentinin veto qoyduğu qanun layihəsinin qəbul edilməsi üçün Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu tələb olunur.