"Tramp marşrutu" Cənubi Qafqazın xəritəsini dəyişir - Ekspert

  • Azərbaycanı regionun əsas geosiyasi mərkəzinə çevirə bilər

Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan Sülh Sammitindən sonra Ermənistan ilə ABŞ arasında siyasi dialoq və strateji əməkdaşlığın intensivləşməsi diqqət çəkir. İmzalanmış memorandumların icrası, regional kommunikasiyaların açılması və TRIPP (“Tramp marşrutu”) layihəsinin irəli aparılması istiqamətində aparılan müzakirələr göstərir ki, tərəflər sülh gündəliyini iqtisadi və geosiyasi əməkdaşlıqla paralel şəkildə inkişaf etdirməyə çalışırlar.

Bu baxımdan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ nümayəndə heyəti ilə keçirdiyi son görüş həm sülh prosesinin növbəti mərhələsi, həm də regionun nəqliyyat və iqtisadi xəritəsinin yenidən formalaşması baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, TRIPP (“Tramp marşrutu”) layihəsi təkcə yeni nəqliyyat xətti deyil, Cənubi Qafqazın geoiqtisadi arxitekturasını yenidən formalaşdırmaq potensialına malik təşəbbüs kimi qiymətləndirilməlidir:

“Əgər layihə tərəflərin razılığı əsasında reallaşarsa, bu, regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləşdirəcək, Şərq-Qərb və Şimal-Cənub marşrutları arasında yeni sinerji yaradacaq. Azərbaycan üçün bu, Orta Dəhlizdə mövqeyinin daha da möhkəmlənməsi, logistika gəlirlərinin artması və Avropa ilə Asiya arasında əsas bağlantı ölkələrindən biri statusunun güclənməsi deməkdir. Layihənin digər mühüm tərəfi geosiyasi balansla bağlıdır. Son illərdə Cənubi Qafqazda ənənəvi təsir mərkəzlərinin imkanları nisbətən zəifləyərkən, ABŞ və Avropa İttifaqının regiona marağı nəzərəçarpacaq dərəcədə artıb. TRIPP də bu yeni geosiyasi reallığın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Lakin layihənin uğuru yalnız iqtisadi səmərəlilikdən deyil, həm də region dövlətlərinin suverenlik, təhlükəsizlik və qarşılıqlı etimad məsələlərində ortaq yanaşma formalaşdırmasından asılı olacaq. Ermənistan–Azərbaycan sülh prosesində ABŞ-nin fəallaşması da məhz bu kontekstdə dəyərləndirilməlidir”.

Analitik qeyd edib ki, Vaşinqton son dövrdə vasitəçilik fəaliyyətini genişləndirməklə danışıqlar prosesinə yeni impuls verməyə çalışır:

“ABŞ-nin diplomatik fəallığı tərəflər arasında birbaşa dialoqu stimullaşdıra, iqtisadi əməkdaşlıq və regional kommunikasiyaların açılması ilə bağlı təşviqedici mexanizmləri gücləndirə bilər. Bununla yanaşı, sülh prosesinin davamlı nəticə verməsi yalnız xarici vasitəçilərin fəallığından deyil, ilk növbədə Bakı və İrəvanın siyasi iradəsindən asılıdır. Mövcud mərhələdə əsas məsələ geosiyasi rəqabətin sülh gündəmini kölgədə qoymamasıdır. Əgər böyük güclərin maraqları regional sabitlik məqsədi ilə uzlaşdırılsa, TRIPP kimi layihələr iqtisadi inteqrasiyanı sürətləndirə və uzunmüddətli etimad mühitinin formalaşmasına töhfə verə bilər. Əks halda, kommunikasiya layihələrinin geosiyasi rəqabət alətinə çevrilməsi onların iqtisadi səmərəsini də azalda bilər. Həm TRIPP layihəsinin perspektivləri, həm də ABŞ-nin artan diplomatik fəallığı Cənubi Qafqaz üçün yeni imkanlar pəncərəsi yaradır. Bu imkanların real nəticəyə çevrilməsi isə region ölkələrinin beynəlxalq hüquqa, qarşılıqlı suverenliyə hörmətə və praqmatik əməkdaşlığa əsaslanan siyasət yürütməsindən asılı olacaq”.