Amerikanın “Vaşinqton Post” qəzetində dərc olunan xəbərə görə, müharibədən dərhal əvvəl ABŞ-nin Milli Kəşfiyyat Şurası tərəfindən hazırlanan hesabatda İranda rejimin genişmiqyaslı hücumlar nəticəsində belə devrilməyəcəyi qeyd olunub.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla müharibəyə sonrakı nəticələri kifayət qədər nəzərə almadan başladığına dair tənqidlər getdikcə artır. “Vaşinqton Post” qəzetində yayımlanan xəbər isə bu tənqidləri daha da gücləndirə bilər.
Hücumdan bir həftə əvvəl Milli Kəşfiyyat Şurasının hazırladığı hesabatda belə bir nəticə yer alıb: “İranda rejim genişmiqyaslı hücumlarla belə devrilməz.”
“Vaşinqton Post”un məlumatına görə, hesabatda həm məhdud, həm də genişmiqyaslı hücumların mümkün nəticələri təhlil edilib.
Aparılan qiymətləndirməyə əsasən, hər iki ssenaridə İranın dini və hərbi institutlarının Ayətullah Əli Xameneinin öldürülməsi halında belə hakimiyyətin davamlılığını təmin etmək üçün nəzərdə tutulmuş prosedurlara uyğun şəkildə reaksiya verəcəyi qənaətinə gəlinib.
“Müxalifətin hakimiyyəti ələ alması real görünmür”
“Vaşinqton Post”a danışan rəsmilər bildiriblər ki, parçalanmış vəziyyətdə olan İran müxalifətinin ölkədə hakimiyyəti ələ keçirməsi real ehtimal kimi qiymətləndirilmir.
Qəzet xatırladır ki, Milli Kəşfiyyat Şurası ABŞ-nin 18 kəşfiyyat qurumundan daxil olan məlumatları təhlil edərək bu cür hesabatlar hazırlayır.
Ağ Ev prezident Donald Trampa İranla müharibəyə başlamazdan əvvəl həmin hesabatın təqdim olunub-olunmadığı barədə məlumat verməyib.
“Vaşinqton Post” yazır ki, kəşfiyyatın bu diqqətçəkən xəbərdarlığı amerikalı rəsmilərin “biz hələ yeni başlamışıq” dediyi əməliyyatın uzunmüddətli müharibəyə çevrilə biləcəyi ehtimalını göstərir.
Qəzet daha bir diqqətçəkən iddianı da gündəmə gətirib. Məlumata görə, ABŞ İranın Fars körfəzində yerləşən və neftlə zəngin olan Hark adasını ələ keçirməyə cəhd göstərə bilər.
Ekspert rəylərinə əsaslanan xəbərdə bildirilir ki, Hark adası Tehranın ən mühüm neft terminallarına ev sahibliyi edir. İranın neft ixracının təxminən 90 faizi bu adadakı obyektlər vasitəsilə həyata keçirilir.
Qeyd olunur ki, adanın ələ keçirilməsi Tramp administrasiyasına İran iqtisadiyyatının əsas mərkəzinə nəzarət etmək imkanı verə bilər. Bununla yanaşı, adaya çıxarılacaq ABŞ hərbçilərinin hücumlar qarşısında həssas vəziyyətdə qala biləcəyi də vurğulanır.