ABŞ Venesuelada həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi saxlayaraq Nyu-Yorka aparıb. Maduro burada DEA agentləri tərəfindən nəzarətə götürülüb və narkotik ticarəti, silah qaçaqmalçılığı və terrorizm ittihamları ilə ABŞ-da məhkəməyə çıxarılacağı bildirilir.
Sherg.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp əməliyyatı Amerika gücünün nümayişi adlandıraraq, Venesuelanın idarəçiliyinin müvəqqəti olaraq ABŞ rəsmilərinin nəzarətinə keçəcəyini açıqlayıb. O, ölkədə təhlükəsiz keçid dövrü təmin edilənədək Venesuelanı özlərinin idarə edəcəyini və ABŞ neft şirkətlərinin ölkədə fəaliyyətə başlayacağını deyib.
Venesuela rəhbərliyi və vitse-prezident Delsi Rodriges isə bunu ölkənin suverenliyinə müdaxilə adlandıraraq, Maduronun dərhal azad edilməsini tələb edib və xalqa birlik çağırışı edib. ABŞ mətbuatına görə, əməliyyat zamanı paytaxt Karakas və strateji bölgələrdə azı 40 nəfər həlak olub.