Trampa qarşı "gizli mesajlaşma qrupu" yaradıblar: AB liderləri nəyi müzakirə edir?

Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və digər Avropa liderləri Trampın addımlarına qarşı sürətli koordinasiya üçün gizli mesajlaşma qrupu yaradıblar.

Sherg.az xəbər verir ki, diplomatik mənbələr bu qeyri-rəsmi formatı “Vaşinqton qrupu” adlandırır.

Avropalı rəsmilər Tramp administrasiyası dövründə ABŞ-nin artıq etibarlı tərəfdaş kimi qəbul edilmədiyini bildirir. Xüsusilə Qrenlandiya böhranı və gömrük rüsumları təhdidi Avropada “qırmızı xətlərin aşıldığı” qənaətini gücləndirib. Bu fonda Avropa ölkələri ABŞ-dən asılı olmayan təhlükəsizlik və xarici siyasət koordinasiyasını gücləndirir.

NATO-ya ABŞ-ın bağlılığının sual altına düşməsi Avropada yeni təhlükəsizlik arxitekturası müzakirələrini sürətləndirib. AB daxilində daimi ordu ideyası və Avropa Təhlükəsizlik Şurası yenidən gündəmə gəlib. Yaxın günlərdə AB liderlərinin Qrenlandiya məsələsi ilə bağlı təcili zirvə keçirməsi gözlənilir.