Trampdan növbəti hədəf: “Kuba üçün vaxt daralır”

Venesuelada həyata keçirilən əməliyyatdan sonra növbəti addımın haraya yönələcəyi müzakirə edilir.

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp açıq mesajla Kubanı gündəmə gətirib. O, Truth Social platformasında etdiyi paylaşımda Havana rəhbərliyinə “çox gec olmadan razılaşma” çağırışı edib.

Tramp bildirib ki, Kuba uzun illər Venesuelanın pulu və nefti hesabına ayaqda qalıb, bunun qarşılığında isə Venesueladakı rejimə təhlükəsizlik dəstəyi göstərib. “Bu dövr bitdi. Artıq Kubaya nə neft gedəcək, nə də pul. Sıfır!” -deyə Tramp vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə görə, Venesuelada baş verən son hadisələrdən sonra Havana üçün vəziyyət daha da ağırlaşa bilər. O, ABŞ ordusunun “dünyanın ən güclü ordusu” olduğunu qeyd edərək, bölgədə yeni reallıqların formalaşdığını bildirib.

Analitiklər bildirir ki, Maduro sonrası Venesuelada baş verənlər Kubanı ciddi iqtisadi risklərlə üz-üzə qoya bilər. Təxminən 64 ildir ABŞ sanksiyaları altında olan Kuba Venesuela ilə enerji və maliyyə əməkdaşlığı sayəsində müəyyən balans yarada bilmişdi.

Bu dəstəyin kəsilməsi halında ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyi, hətta mümkün siyasi böhran fonunda kütləvi miqrasiya dalğası yarana biləcəyi istisna edilmir. ABŞ-Küba münasibətlərində yeni və daha sərt mərhələnin başladığı ehtimal olunur.