Zaur Məmmədov: "Yaxın Şərqdə Tramp üçün yeganə maneə İrandır – hər fürsəti fürsətə çevirə bilər”
Hazırda dünya siyasətində ən çox müzakirə olunan fiqurlardan biri ABŞ lideri Donald Trampdır. Xarici siyasətdə ikili mövqedən çıxış etməsi onun davranışını daim diqqət mərkəzində saxlayır. 2016-cı il prezident seçkiləri zamanı ABŞ-nin İraq və Əfqanıstan kimi uzunmüddətli müharibələrini tənqid edən Tramp, indi özü İrana qarşı müharibəyə başlayıb. Hakimiyyətinin ilk illərində sülhpərvər çağırışları ilə tanınan Tramp hər kəsdə “dünyaya sülh gətirəcək” təəssüratı yaratmışdı. Əslində bu təssürat boşuna yaranmayıb. ABŞ lideri, altı ay ərzində dünyada münaqişələrin dayandırılması, sülhə nail olunması istiqamətində Afrika qitəsindən tutmuş, Asiyaya qədər böyük səylər göstərirdi. Onun anidən mövqeyini dəyişib, münaqişələrə meyl etməsi beynəlxaql imicinə mənfi təsir göstərməyə başladı.
Bir zamanlar Nobel Sülh Mükafatına layiq olduğunu bildirən Trampın, mövqeyini dəyişməsinə nə səbəb oldu?
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq imici kifayət qədər ziddiyyətli qiymətləndirilir:
“Dünya ictimaiyyətinin bir qismi, İsrailin yaxın müttəfiqi kimi tanınan Trampı Qəzzadakı hadisələr fonunda tənqid etsə də, bir çox siyasi lider üçün o, hələ də mühüm siyasi tərəfdaş olaraq qalır. Trampın xarici siyasət yanaşması da birmənalı qarşılanmır. O, ilk mərhələdə sülhpərvər mövqeyi ilə tanınsa da, sonradan ABŞ-nin strateji maraqlarını qorumaq məqsədilə “güc nümayişi”nə əsaslanan siyasətə üstünlük verdi. Bunun əsas səbəblərindən biri ABŞ-nin uzun müddət, Çin və Rusiya ilə müqayisədə iqtisadi sahədə, çətinliklərlə üzləşməsidir. Xüsusilə Çin qlobal nəqliyyat dəhlizləri və kommunikasiya xətlərinə nəzarəti genişləndirməyə çalışırdı”.
Politoloqun sözlərinə görə, Tramp Avropa ölkələrinə və Çinə qarşı “ticarət müharibəsi” aparır:
“Məhz bu şəraitdə “Amerika birincidir” şüarı ilə hakimiyyətə gələn Tramp həmin prinsipi praktik siyasətdə tətbiq etməyə başladı. Qısa müddət ərzində ABŞ həm Çinə, həm də Avropa İttifaqına qarşı, gömrük rüsumları tətbiq etdi. ABŞ və Çin arasında birbaşa hərbi qarşıdurma olmasa da, tərəflər iqtisadi sahədə ciddi rəqabət və qarşıdurma şəraitindir. Trampın xarici siyasətdə, gözlənilməz qərarları beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb”.
Z.Məmmədov bildirib ki, Amerika dünyanın fövqəl dövləti kimi qarşısında duran maneələri dəf etməyə çalışır:
“Hal-hazırda Tramp üçün Yaxın Şərqdə yeganə əngəl İrandır. Onu da aradan götürmək üçün istənilən imkanı fürsətə çevirə bilər. Trampın bir gecədə Venesuela prezidentini yataq otağından çıxarması və İrana qarşı sürpriz hücumlara başlamasından sonra hər kəs onun hadisələrə reaksiyasından qorxaraq, ehtiyyatlı davranmağa başlayıb. Hazırda heç bir lider Trampa qarşı, kəskin bəyanat səsləndirə bilməz. Hər kəs Trampın qəbuluna düzülməyə fürsət axtarır. Elə bir dövrə gəlmişik ki, Trampın hər hansı ölkəyə gülümsəməsi, həmin ölkənin lideri üçün diplomatik müstəvidə, qızıl medal kimi qiymətli sayılır”.