Trampın gündəmində yenə Qrenlandiya: “Artıq zamanı gəlib”

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı açıqlamalarını davam etdirir. O, Danimarkanın Qrenlandiyanı “Rusiya təhlükəsindən qorumaq üçün heç nə edə bilmədiyini” iddia edib.

Sherg.az xəbər verir ki, Tramp Avropa İttifaqını (Aİ) təşvişə salan Qrenlandiya çıxışlarını sürdürür.

Sosial media hesabında paylaşım edən Tramp, NATO-nun Danimarkanı Qrenlandiyanı Rusiya təhlükəsindən qoruması üçün 20 ildir xəbərdar etdiyini iddia edib və “Artıq zamanı gəlib və bu, həyata keçiriləcək” ifadələrini işlədib.

ABŞ Prezidenti Tramp son günlər tez-tez ölkəsinin “milli təhlükəsizlik məqsədilə Qrenlandiyaya ehtiyacı olduğunu” təkrarlayır.

Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya xarici işlər nazirlərinin görüşündən sonra da əsas fikir ayrılıqlarının davam etdiyi bildirilib, ABŞ-ın Qrenlandiyanı “ələ keçirmə arzusunun açıq olduğu” vurğulanıb.

Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiya daha əvvəl ABŞ-ın bu istiqamətdəki tələblərini rədd etmişdi.

Avropa ölkələri Qrenlandiyaya kiçik hərbi birliklər göndərmək qərarı qəbul etdikdən sonra Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya gömrük rüsumları tətbiq edəcəyini açıqlamışdı.

ABŞ-ın marağının arxasında Arktika bölgəsindəki hərbi balans, Rusiya və Çinə qarşı təhlükəsizlik narahatlıqları, eləcə də Qrenlandiyadakı zəngin mədən ehtiyatları dayanır. Lakin ictimai rəy sorğularına görə Qrenlandiya əhalisinin 85 faizi ABŞ-ın tərkib hissəsi olmağı qəti şəkildə rədd edir.