- Ancaq Vaşinqton-Bakı münasibətlərində əsas istiqamət dəyişməyəcək
- “ABŞ-ın Cənubi Qafqaz maraqları Azərbaycanın iştirakı olmadan reallaşa bilməz”
ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu təmin edib. Demokratlar respublikaçıların nəzarətində olan 7 senator yerini qazanaraq Senatda 54, Nümayəndələr Palatasında isə 255 mandat əldə ediblər.
Beləliklə, Donald Tramp prezidentlik müddətinin qalan iki ilində Konqresin hər iki palatasında demokratların üstünlüyü ilə fəaliyyət göstərməli olacaq. Bu nəticə Ağ Evin qanunvericilik təşəbbüslərinin və siyasi qərarlarının həyata keçirilməsi baxımından yeni siyasi reallıq yaradır.
Mövzunu şərh edən siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti əvvəlcədən müşahidə olunan siyasi və ictimai proseslərin nəticəsidir. Onun sözlərinə görə, ölkədə Donald Tramp administrasiyasının həm daxili, həm də xarici siyasətindən narazılıq getdikcə artırdı və bu narazılıq seçkilərin nəticələrində öz əksini tapdı:
“Seçicilərin mövqeyini yalnız demokratlara dəstək kimi qiymətləndirmək düzgün olmazdı. Əslində, seçicilərin əhəmiyyətli hissəsi Tramp administrasiyasının siyasətinə etirazını səsvermə yolu ilə ifadə etdi. Nəticədə həm Ağ Ev, həm də Respublikaçılar Partiyası ciddi siyasi məğlubiyyətlə üzləşdi.
Bundan sonrakı mərhələdə Tramp administrasiyası seçkilərin siyasi nəticələri ilə hesablaşmalı olacaq. Xüsusilə Konqresin hər iki palatasında respublikaçıların nəzarəti itirməsi Ağ Evin həm daxili, həm də xarici siyasətinə birbaşa təsir göstərə bilər. Ən əsası, Konqresdə Ağ Evin xarici siyasət kursuna qarşı maneələrin yaradılması ehtimalı istisna deyil.
Bu isə o deməkdir ki, növbəti iki il ərzində Tramp administrasiyasının sərbəst siyasi manevr imkanları məhdudlaşa bilər. Belə bir vəziyyət Ağ Evin həyata keçirmək istədiyi daxili və xarici siyasət təşəbbüslərinin reallaşdırılmasını çətinləşdirə bilər.
Bütün bunlar ABŞ-ın bir sıra istiqamətlərdə siyasətinə təsirsiz ötüşməyəcək. Xüsusilə Avropa siyasəti, Ukraynaya yanaşma, Rusiya ilə münasibətlərdə yaxınlaşma cəhdləri, eləcə də Yaxın Şərqdəki hərbi-siyasi böhranın inkişafı baxımından yeni siyasi situasiyanın formalaşması mümkündür”.
Ekspert qeyd edib ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində də müəyyən dəyişikliklər baş verə bilər:
“Bununla belə, Konqresdə demokratların üstünlük əldə etməsinin Tramp administrasiyasının hazırkı siyasi kursuna köklü şəkildə qarşı çıxacağı anlamına gəlməsi hələlik inandırıcı görünmür. ABŞ-ın yeni siyasi reallıq şəraitində Cənubi Qafqaza münasibətinin hansı istiqamətdə dəyişəcəyini müəyyənləşdirmək üçün bir qədər gözləmək lazımdır. Bu mərhələdə qəti mülahizələr irəli sürmək tezdir.
Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, TRIPP layihəsi, eləcə də Azərbaycanla ABŞ arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri bir sıra regional məsələlərin daha praqmatik və qarşılıqlı maraqlar əsasında həllində mühüm rol oynaya bilər”.
E. Xalidbəylinin fikrincə, ABŞ-ın Cənubi Qafqazda ciddi geosiyasi və iqtisadi maraqları var və bu maraqların Azərbaycanın iştirakı olmadan reallaşdırılması mümkün deyil:
“Bu baxımdan, Vaşinqtonla Bakı arasında mövcud münasibətlərin yaxın perspektivdə də əsasən indiki istiqamətdə davam edəcəyi ehtimalı yüksəkdir”.