- "Azərbaycanın enerji təcrübəsi Türk dünyasına böyük töhfə verə bilər"
Bir neçə gün əvvəl TDT-yə üzv dövlətlərin dini liderlərinin, dünən isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda bir araya gəlməsi Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə münasibətlərinin yüksək səviyyədə və çoxşaxəli xarakter daşıdığını göstərir. Qısa müddət ərzində həm dini, həm də təhlükəsizlik sahəsində yüksək səviyyəli tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın TDT çərçivəsində etibarlı və mərkəzi platforma kimi mövqeyini daha da gücləndirir. Bu, həmçinin Bakının beynəlxalq və regional əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün əlverişli məkan kimi qəbul edildiyini göstərən mühüm göstəricidir.
TDT qarşısında dayanan əsas strateji hədəflərdən biri təşkilatı aparıcı beynəlxalq qurumlardan birinə çevirməkdir. Bu məqsədlə üzv dövlətlər arasında siyasi, iqtisadi, təhlükəsizlik və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Geniş coğrafiyanı əhatə edən TDT məkanı enerji resursları və nəqliyyat dəhlizləri baxımından mühüm strateji imkanlara malikdir. Xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı təşkilatın ümumi təhlükəsizlik və iqtisadi potensialının artırılmasında mühüm rol oynayır. Çünki dayanıqlı nəqliyyat və enerji infrastrukturu olmadan regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın uzunmüddətli inkişafını təmin etmək çətindir.
Azərbaycan isə Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən beynəlxalq bazarlara çıxışında mühüm tranzit imkanlarına malikdir. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi nəqliyyat və enerji layihələrində TDT üzv dövlətləri üçün əlavə imkanlar yaradır. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı infrastruktur təşkilat daxilində iqtisadi və strateji əlaqələrin daha da genişləndirilməsi üçün mühüm üstünlükdür.
Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a hazırda Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə inteqrasiyasının daha da dərinləşdiyi, türk dövlətlərinin isə yeni mərhələyə qədəm qoyaraq mühüm geosiyasi mərkəzə çevrildiyi bir dövrdə olduğumuzu xatırladıb. Onun sözlərinə görə, TDT-ni və bütövlükdə türk coğrafiyasını fərqləndirən əsas amillərdən biri bu ərazidə yerləşən zəngin enerji resursları və geniş təbii ehtiyatlardır:
“Prezident İlham Əliyevin son çıxışında da məhz bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Dövlət başçısı enerji təhlükəsizliyi və təbii ehtiyatların müasir dünyada baş verən proseslər fonunda əhəmiyyətini vurğulayıb. Bu resurslar yalnız iqtisadi imkan kimi deyil, həm də türk dövlətlərinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması və xalqlarımızın inkişafına xidmət edən strateji amil kimi qiymətləndirilməlidir”.
T. Gəncəliyev qeyd edib ki, hazırda Azərbaycan Mərkəzi Asiya ilə birlikdə Türk Dövlətləri Təşkilatı coğrafiyasında mühüm mövqeyə malikdir:
“Avropa İttifaqı, Çin və ABŞ başda olmaqla, dünyanın aparıcı güc mərkəzləri türk dövlətlərinin zəngin resurslarını yüksək qiymətləndirirlər. Burada söhbət yalnız resursların mövcudluğundan getmir. Həmin ehtiyatların hasilatı, emalı, tədarükü və beynəlxalq bazarlara çatdırılması da xüsusi əhəmiyyət daşıyır.
Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən proseslər qlobal enerji təhlükəsizliyinə və dünyanın enerji təchizatına ciddi təsir göstərib. Bu proseslər enerji bazarında qeyri-müəyyənliyi daha da artırır. Bilirsiniz ki, Səudiyyə Ərəbistanının neft hasilatını dayandırması ilə bağlı tərəfdaşlarını məlumatlandırması da enerji bazarında ciddi narahatlıqlar yaradıb. Bu vəziyyət yaxın həftələrdə qlobal enerji təchizatında problemlərə və nəticə etibarilə dünya iqtisadiyyatı üçün ciddi risklərə səbəb ola bilər. Belə bir şəraitdə Türk dünyasının zəngin enerji resursları və bu resursların təhlükəsiz şəkildə dünya bazarlarına çatdırılması məsələsi daha böyük strateji əhəmiyyət qazanır. Bu baxımdan, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı öz resurslarından birgə və səmərəli şəkildə istifadə etməlidir. Bu resursların həm təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də xalqlarımızın rifahının və inkişafının təmin olunmasına yönəldilməsi üçün konkret və düşünülmüş addımların atılması zəruridir”.
Tural Gəncəliyev bildirib ki, Türk Dövlətləri Təşkilatı yalnız enerji və təbii ehtiyatlar baxımından deyil, əhali, coğrafiya və iqtisadi potensial baxımından da böyük resurslara malikdir. Onun sözlərinə görə, bəzi hesablamalara əsasən, Türk dövlətlərinin ümumi daxili məhsulu 4 trilyon dollara yaxınlaşır:
“Bundan əlavə, xüsusilə Mərkəzi Asiyada neft və qazla yanaşı, əlvan və qiymətli metalların böyük ehtiyatlarının mövcudluğu TDT coğrafiyasının strateji əhəmiyyətini daha da artırır. Müasir dövrdə yeni texnologiyaların, nanotexnologiyaların və çip sənayesinin inkişafı bir sıra qiymətli və strateji metallardan asılıdır. Bu baxımdan, həmin resursların mühüm hissəsinin TDT coğrafiyasında yerləşməsi təşkilatın iqtisadi və strateji potensialını daha da gücləndirən amillərdən biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, mövcud resurslardan həm xalqların inkişafı və rifahının yüksəldilməsi, həm Türk dünyasının iqtisadi və strateji gücünün artırılması, həm də Türk Dövlətləri Təşkilatının yeni güc mərkəzinə çevrilməsi istiqamətində səmərəli istifadə edilməlidir”.
Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu xatırladan deputat qeyd edib ki, Azərbaycan 1993-1994-cü illərdən etibarən Avropa və ABŞ ilə enerji təhlükəsizliyi sahəsində geniş əməkdaşlıq qurub və bu istiqamətdə ciddi təcrübə formalaşdırıb: “ Bu təcrübənin Türk dövlətləri ilə bölüşülməsi və əməkdaşlığın daha da gücləndirilməsi Türk dünyasına mühüm töhfə verə bilər. Azərbaycanın enerji sahəsində formalaşdırdığı təcrübə və əlverişli coğrafi mövqeyi bu prosesdə ölkəmizə xüsusi rol verir”.