Türk dünyasını birləşdirən ziyarət: Türkiyəli professor “Şərq” qəzetində

"Türk Ocaqları türk millətinin varlığı, diriliyi, xoşbəxtliyi və güclü olması ilə əlaqədar mədəni bir təşkilatdır"

Türkiyə Milli Müdafiə Universitetinin dekanı, hazırda Azərbaycan Milli Müdafiə Universitetinin rektor müşaviri, professor, tarixçi-yazar İbrahim Ethem Atnur "Şərq" qəzetini və Azərbaycan Türk Ocaqlarını ziyarət edib. Qonağı məmnunluqla qarşılayan "Şərq" qəzetinin baş redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocaqları İctimai Birliyinin sədri Akif Aşırlı hörmətli professora Azərbaycan Türk Ocaqlarının 2019-cu ildə bərpası barədə qısa məlumat verib və ötən dövr ərzində Türk Ocaqlarının gördüyü çoxsaylı işlərdən, təşkil etdiyi elmi konfranslardan bəhs edib. 

Azərbaycan Türk Ocaqlarının fəaliyyətini izlədiyini vurğulayan professor İbrahim Ethem Atnur "Şərq" qəzetini ziyarət etməkdən böyük məmnunluq duyduğunu deyib. Qonaq bəyan edib ki, Türk Ocaqları türk millətinin könlündən ortaya çıxmış bir qurumdur: "Türk Ocaqları türk millətinin varlığı, diriliyi, xoşbəxtliyi və güclü olması ilə əlaqədar mədəni bir təşkilatdır. Bu qurum mədəni fəaliyyət icra edən, türk millətini hər sahədə gücləndirmək naminə güclü nəsil yetişdirməyi hədəfləyən, yeni nəslə güclü miras buraxmaq niyyəti güdən bir ocaqdır. Məqsəd gəncləri bu istiqamətdə məlumatlandırmaq, savadlandırmaqdır". 

Professor əlavə edib ki, Türk Ocaqları qurulduğu dövrdən etibarən türk millətinə mədəni sahədə xidmət göstərib: "Öz fəaliyyəti ilə daim türk gənclərinin, türk millətsevərlərinin qəlbində özünəməxsus yer tutub. O baxımdan, Azərbaycanda da Türk Ocaqlarının qurulması və fəaliyyəti çox qürurvericidir. Azərbaycan Türk Ocaqları ilə əlaqəmi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Mən tarixçiyəm. 2004-cü ildə Azərbaycan Türk Ocağı haqqında ilk məqaləni mən yazmışam. Bakıda Türk Ocağının necə qurulduğunu, kimlərin orada təmsil olunduğunu, ilk konfransı kimlərin təşkil etdiyini, sədrin, üzvlərinin kimlər olduğunu, hansı küçədə və niyə açıldığını, məqsədinin nələr olduğunu ətraflı şəkildə araşdırmamda qeyd etmişdim. Nuru paşanın, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin Türk Ocaqları ilə əlaqələri də orada əksini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, ingilislərin gəlişindən sonra Azərbaycan Türk Ocaqlarının necə fəaliyyət göstərməsi ilə bağlı məlumatları elmi süzgəcdən keçirərək qələmə almışdım və məqaləm "Türk Yurdu" jurnalında dərc edilmişdi. Məhz həmin Ocağın davamı olan Azərbaycan Türk Ocağını bugün burada ziyarət etmək məni çox məmnun etdi. Ocağın fəaliyyətlərini, Azərbaycanda və Türkiyədə gördüyü işləri yaxından izləyirəm". 

Qeyd edək ki, professor, tarixçi-alim İbrahim Ethem Atnur eyni zamanda "Şərq" qəzetinin dəyərli eksperti, şərhçisidir.