Türkiyə-Azərbaycan münasibətləri dövlət ağlı, tarixi məsuliyyətlə formalaşır -Toğrul İsmayıl

  • Heç bir fərdi hadisə Türkiyə ilə Azərbaycan arasındakı böyük strateji tərəfdaşlığın ölçüsü kimi qəbul edilə bilməz

Türkiyə ilə Azərbaycan arasında münasibətlər tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşıb. İki ölkə arasında siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq davam edir. 8 Noyabr- Zəfər Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri də bu əlaqələrin diqqət çəkən nümunələrindən biridir. Bir neçə gün əvvələ qədər sosial şəbəkələrdə iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyənlər bununla da tutarlı cavab almış oldular. 

Ankara Universitetinin professoru Toğrul İsmayıl Sherg.az-a Türkiyə-Azərbaycan münasibətlərinin sosial media üzərindən oxunmadığını və sosial media vasitəsilə idarə olunmadığını qeyd edib:

"Son günlər baş verən bəzi hadisələr Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri hələ də kifayət qədər tanımayan və anlamayan çevrələrin mövcud olduğunu bir daha göstərdi.

Hər kəs bunu çox yaxşı bilməlidir: Türkiyə-Azərbaycan münasibətləri bir neçə sosial media paylaşımından, bir bəyənmədən və ya bəyənməmədən, gündəlik müzakirələrdən və müvəqqəti polemikalardan ibarət deyil.

Bu münasibətlərin arxasında ortaq tarix, ortaq mədəniyyət, ortaq yaddaş, qarşılıqlı etimad, strateji maraqlar və ən əsası, iki xalqın qəlbindən gələn qardaşlıq dayanır. Bu bağlar istənilən sosial media gündəmindən qat-qat üstündür.

Əlbəttə, iki ölkə arasında zaman-zaman fərqli qiymətləndirmələr, fərqli yanaşmalar və ya ictimaiyyətə yansıyan fikir ayrılıqları ola bilər. Bunlar təbii qarşılanmalıdır. Lakin heç bir fərdi hadisə Türkiyə ilə Azərbaycan arasındakı böyük strateji tərəfdaşlığın ölçüsü kimi qəbul edilə bilməz.

Türkiyənin Azərbaycan üçün, Azərbaycanın da Türkiyə üçün ifadə etdiyi mənanı bir neçə şəxsin sosial şəbəkədəki davranışı ilə izah etməyə çalışanlar məsələnin mahiyyətini dərk etməyiblər".

Ekspert bəzilərinin gözləntilərinin puça çıxdığını da vurğulayıb: 

"Bəlkə də baş verənlər Türkiyə-Azərbaycan münasibətlərini öz dar maraqları çərçivəsində qiymətləndirməyə çalışanlar üçün mühüm dərs olub.

Çünki Türkiyə-Azərbaycan münasibətləri gündəlik emosiyalarla deyil, dövlət ağlı, tarixi məsuliyyət və xalqın iradəsi ilə formalaşır.

Bizim münasibətlərimiz virtual deyil, realdır. Müvəqqəti deyil, daimidir. Gündəlik deyil, stratejidir.

Hər kəs bu həqiqəti düzgün anlamalı və qiymətləndirmələrini buna uyğun aparmalıdır.

Türkiyə və Azərbaycanın gücü də, gələcəyi də bu sarsılmaz qardaşlıqda yatır".