Türkiyə COP31-ə İsrail hökumətini dəvət etməyib

Türkiyə COP31 çərçivəsində keçiriləcək Liderlər Zirvəsinə İsrail hökumətini dəvət etməyib. Ankara bu qərarın ölkənin İsrailə münasibətini əks etdirdiyini və konfrans zamanı mövqeyinin dəyişməyəcəyini bəyan edib.

“Sherg.az” xəbər verir ki, bunu COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum NTV telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Liderlər Zirvəsinə dəvətləri ev sahibi ölkə göndərir. Türkiyə İsrail hökumətinə dəvət göndərməyib. Bununla belə, BMT-nin təşkil etdiyi danışıqlarda iştirak etmək və öz mövqeyini, layihələrini təqdim etmək hüququ bütün ölkələrə açıqdır.

Kurum qeyd edib ki, Türkiyə iqlim və iqlim ədaləti məsələlərini müzakirə edəcək, lakin Qəzzada baş verənlərə də səssiz qalmayacaq. Onun sözlərinə görə, konfransın 6250 nəfərlik ən böyük zalı “Qəzza” adlandırılıb. Burada Qəzzadakı hadisələri əks etdirən rəsm sərgiləri və fələstinli sənətkarların əsərləri nümayiş olunacaq.

Nazir COP31-in əsas məqsədinin iqlimlə bağlı qəbul edilmiş qərarların real icrasını təmin etmək olduğunu vurğulayıb. O bildirib ki, sammitdə təmiz enerji, tullantıların azaldılması, metan emissiyalarının məhdudlaşdırılması, ərzaq təhlükəsizliyi, yaşıl sənaye və dayanıqlı şəhərlər kimi məsələlər prioritet olacaq.

Kurumun sözlərinə görə, Antalya sammitində 102 dövlət və hökumət başçısı, eləcə də 330 nazirin iştirakı gözlənilir. Konfransa ümumilikdə 100 mindən çox ziyarətçinin qatılacağı proqnozlaşdırılır.