Türkiyə ermənilərinin patriarxı II Qaregini dəstəkləmədi

Türkiyə ermənilərinin patriarxı Saak Məşəlyan on yepiskopun etiraz bəyanatından sonra artıq bütün ermənilərin katolikosu II Qaregini əvvəlki həvəslə dəstəkləmir.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Yaxın vaxta qədər Saak Məşəlyan bütün ruhanilər kimi katolikosa sədaqət andı içirdi, amma on yepiskopun bəyanatından sonra passiv mövqe tutub, hətta susqunlaşıb, neytral vəziyyətə keçib. Həmin bəyanatdan sonra geri çəkilməyə başlayıb, baxmayaraq ki, hələ açıq şəkildə mövqeyini bildirməyib”, - mənbə nəşrə bildirib.

Mənbə Məşəlyanın yepiskopların II Qareginə qarşı bəyanatına qoşulacağını düşünmədiyini qeyd edib:

“Xeyr, onlara qoşulacağı ehtimalını görmürəm, amma artıq əvvəlki coşqu ilə katolikosun yanında dayanmayacaq. Hərçənd heç nə istisna deyil, vəziyyət saatbasaat inkişaf edir”.