Türkiyə-Ermənistan sərhədi açılırmı? - İrəvandan diqqət çəkən açıqlama

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə ilə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanın icrası ilə bağlı danışıqların davam etdiyini açıqladı.

Sherg.az xəbər verir ki, Armenpress xəbər agentliyinə danışan Qriqoryan bildirib ki, Ermənistan ilə Türkiyə arasında üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanın ən qısa zamanda icrası üçün təmaslar davam edir.

Sərhədin açılması ilə bağlı konkret tarix verə bilməyəcəyini deyən Qriqoryan əlavə edib:

"Türkiyə ilə razılaşdığımız qaydaların həyata keçirilməsini gözləyirik. Türk tərəfi ilə görüşləri, bu razılaşmaların mümkün olan ən qısa zamanda tətbiqi üçün davam etdiririk."

Məlumata görə, Türkiyə 1993-cü ildə Ermənistanla quru sərhədini bağlamışdı. İki ölkə 2022-ci ildə münasibətlərin normallaşdırılması prosesinə başlamış və ilkin mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəlmişdi. Lakin bu razılaşma hələ tam tətbiq olunmayıb.

29 dekabr tarixində Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan arasında normallaşma prosesində yeni addımlar atıldığına dair əhəmiyyətli açıqlamalar verib. İki ölkənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaya əsasən, rəsmi pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılması qərara alınıb.

Yeni qaydaya əsasən, Türkiyə və Ermənistan vətəndaşı olan diplomatik, xidmət və xüsusi (yaşıl) pasport sahibləri 1 yanvar 2026-cı ildən etibarən viza müraciətlərini rəqəmsal formada edə biləcəklər. Bu pasport kateqoriyasına aid şəxslər e-vizə müraciətlərini heç bir ödəniş etmədən təqdim edə biləcəklər.

Qərarın açıqlanması ilə hər iki ölkə normallaşma prosesinə sadiqliklərini təsdiqləyib. Birgə açıqlamada Türkiyə və Ermənistanın prosesi “tam normallaşma” məqsədi ilə və heç bir ön şərt qoymadan davam etdirmə öhdəliyinə malik olduqları bir daha vurğulanıb.