- Hətta onu istəməyən dövlətlər belə, sonda onun ətrafında birləşməyə məcbur olacaqlar
- Bu proses davam etdikcə gələcəkdə İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında güclü bir ittifaqın yarandığını görə bilərik
ABŞ-İran qarşıdurmasının Yaxın Şərqdə yaratdığı yeni təhlükəsizlik reallığı region ölkələrini alternativ hərbi-siyasi əməkdaşlıq formatları axtarmağa sövq edir. Bu fonda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yeni hərbi ittifaqın yaradılması təşəbbüsü diqqət çəkir. Türkiyə mediasının məlumatına görə, razılaşmanın bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalanması gözlənilir. Ekspertlər hesab edirlər ki, ABŞ-ın təhlükəsizlik təminatlarının əvvəlki qədər etibarlı görünməməsi, İran amili və regionda dəyişən güc balansı Ankaranı, Ər-Riyadı və İslamabadı daha sıx əməkdaşlığa sövq edən əsas səbəblərdən biridir. Xüsusilə nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistanın bu formatda təmsil olunması yeni ittifaqın geosiyasi çəkisini artıran əsas amillərdən biri kimi qiymətləndirilir.
AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Amerika-İran münaqişəsindən sonra ərəb ölkələri, əsasən də zəngin Körfəz ölkələri nə qədər zəif olduqlarını gördülər:
“ Onlar başa düşdülər ki, Amerikanın təhlükəsizlik çətiri heç də həmişə onların təhlükəsizliyini təmin etməyə bilər. Bundan sonra özlərinə yeni müttəfiqlər axtarmağa başladılar. Səudiyyə Ərəbistanı İrandan müdafiə olunmaq üçün Pakistanla yaxınlaşmağa başladı. Tarixən də Pakistanla Səudiyyə Ərəbistanı arasında münasibətlər yaxşı olub. Türkiyə-Pakistan münasibətləri də çox yüksək səviyyədədir. Bu ittifaqa Türkiyənin də qoşulması müzakirə olunurdu. Ancaq mənim məlumatlarıma görə, Səudiyyə Ərəbistanı əvvəllər buna qarşı çıxmışdı. Lakin hadisələr göstərdi ki, Səudiyyə Ərəbistanı məcbur qalıb Türkiyəni də müttəfiq kimi qəbul edəcək. Bunun da səbəbi odur ki, Səudiyyə Ərəbistanında müəyyən mənada Osmanlı travması var. Ən azı Səudiyyə rejimində Türkiyə uzun müddət təhlükə kimi qəbul olunurdu. Çünki Türkiyə vaxtilə həmin ərazilərə, xüsusilə də müqəddəs torpaqlara sahib olub. Amma Səudiyyə Ərəbistanının mövcud vəziyyətini nəzərə alsaq, artıq həm Pakistanla, həm də Türkiyə ilə yaxınlaşmağa üstünlük verdiyini və Türkiyənin regionda güclənməsini nəzərə alaraq bu qərara gəldiyini görürük”.
Analitik qeyd edib ki, Şərqdə gücə hörmət edirlər:
“Mən həmişə deyirəm ki, Türkiyə gücləndikcə ona hörmət də artacaq. Hətta onu istəməyən dövlətlər belə, sonda onun ətrafında birləşməyə məcbur olacaqlar. Bu proses davam etdikcə gələcəkdə İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında güclü bir ittifaqın yarandığını görə bilərik. Bu, çox önəmlidir. Belə olan halda Yaxın Şərqin və Qafqazın gələcəyi də fərqli olacaq. Bu ölkələrin birgə hərəkət etməsi Azərbaycanın maraqlarına da cavab verir. Bilirsiniz ki, Qarabağın işğalı dövründə Ermənistanı tanımayan və Azərbaycana dəstək verərək işğala qarşı çıxan üç ölkə məhz Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı idi. Ona görə də bu ölkələrin birləşməsi, vahid gücə çevrilməsi və gələcəkdə Azərbaycanın da bu ittifaqda yer alması, həm İslam dünyasının, həm Türk dünyasının, həm də Azərbaycanın maraqlarına uyğundur”.