“Türkiyə - İsrail müharibəsi iddiaları əsassızdır” - Aydın Sezer

Bunu bir neçə arqumentlə də sübut etmək mümkündür

Son dönəmlər beynəlxalq mediada Türkiyə ilə İsrail arasında müharibənin başlayacağına dair fikirlər dolaşır. Xüsusilə ABŞ-İran-İsrail müharibəsi dövründə, Türkiyənin raket hücumlarına məruz qalması, ölkənin siyasi dairələrində İsrailin Türkiyəni münaqişəyə cəlb etdiyi barədə fikirlərin yaranmasına səbəb olmuşdu. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamaları isə iki ölkə arasında münasibətlərin gərginləşdiyini ortaya qoyur. Nazir, İrandan sonra İsrailin düşmənsiz yaşaya bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, Netanyahu administrasiyası ilə yanaşı, bəzi siyasi dairələr də Türkiyəni yeni düşmən elan etməyə çalışırlar. Beynəlxalq gündəmi silkələyən açıqlamalardan biri də ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi. "The Jerusalem Post" nəşrinin yaydığı məlumata görə Ərdoğan bildirib ki, Türkiyə, fələstinlilərin məcburi köçürülməsinin qarşısını almaq məqsədilə İsrailə yönəlik hərbi addımlar ata bilər. 

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi rəsmi şəkildə Ərdoğanın dünənki açıqlamalarının təhrifə məruz qaldığını bəyan etdi:

“Bəzi təxribatçı xəbər saytları dünya liderlərinin açıqlamalarını yanlış istiqamətdə təqdim edirlər. Onlar bununla həm reytinq qazanmağa həm də iki ölkə arasında nifaq salmağa çalışırlar. Lakin son dövrlərdə İsrail ilə Türkiyə arasında münasibətlərin gərginləşdiyini danmaq olmaz. Türkiyə prezidenti uzun müddətdir ki, İsrailin Baş naziri Netanyahuya qarşı sərt açıqlamalar verir. Netanyahu isə onun açıqlamalarını cavabsız qoymur. Dolayısıyla, iki lider arasında sosial media vasitəsilə “söz savaşı” gedir. Bu prosesin real müharibə mərhələsinə keçəcəyini söyləmək absürddür”. 

Analitikin sözlərinə görə iki ölkə liderlərinin bir-birinə qarşı sərt çıxışları daxili siyasətdə xal qazanmağa xidmət edir:

“Bu mövzu onların ölkədəki reytinqini artırır. Ərdoğan həmişə siyasi gedişatın pərdəarxasında dayanan məsələləri sərt dillə açıqlamaqla, yuxudakı ölkələri ayıltmağa çalışır. Türkiyə lideri dəfələrlə Netanyahunun Trampı hücuma təhrik etdiyini açılayıb. Hazırkı vəziyyəti təhlil etdikdə, məsələnin həqiqətən də belə olduğu üzə çıxır. Türkiyədə Netanyahu əleyhinə lobbiçilik kifayət qədər güclü təsir imkanlarına malikdir. Maraqlısı odur ki, bu məsələdə müxalif qüvvələr də Ərdoğanla eyni mövqedə dayanırlar”. 

A.Sezer vurğulayıb ki, mövzu ətrafında siyasi dairələrin birləşməsi, Türkiyənin daxili siyasətində müsbət nəticələrə səbəb olur:

“Türkiyə ilə İsrail arasında müharibənin başlayacağı ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur. Bunu bir neçə arqumentlə də sübut etmək mümkündür. Məsələn, Türkiyə bayrağı altında üzən gəmilərin İsrail limanlarına hərəkəti davam edir. Azərbaycan yanacağı da Ceyhan limanı vasitəsilə İsrailə göndərilir. Hətta, Ərdoğan və Netanyahu "Qəzza üzrə Sülh Şurası"nda Trampla üzbəüz otururlar”.