Türkiyə tarixində ilk dəfə NATO və Aİ üzvünə hərbi gəmi ixrac edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rumıniya ilə imzalanan müqavilə çərçivəsində Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqına üzv ölkəyə hərbi gəmi ixrac edilib.

Sherg.az xəbər verir ki, İstanbul Tərsanə Komandanlığında keçirilən “Cam Roman” açıq dəniz patrul gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi və Türkiyə Hərbi Dəniz Qüvvələrinin yeni platformalarının xidmətə qəbulu mərasimində çıxış edən Ərdoğan bu hadisəni müdafiə sənayesi üçün mühüm uğur adlandırıb.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində son 23 ildə böyük irəliləyiş əldə edib və hazırda dünyanın ən böyük silah ixracatçıları sırasında yer alır. Prezident qeyd edib ki, ölkə eyni vaxtda ən çox hərbi gəmi inşa edən dövlətlərdən biridir və hazırda 50-dən çox hərbi gəmi istehsal olunur.

Ərdoğan vurğulayıb ki, Rumıniyaya təhvil verilən gəmidə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, sonarlar və digər əsas avadanlıqlar tamamilə yerli şirkətlər tərəfindən hazırlanıb.

Türkiyə lideri həmçinin bildirib ki, Ankara bölgədə gərginlik deyil, sülh, sabitlik və əməkdaşlıq tərəfdarıdır:

“Biz heç kimlə qarşıdurma və münaqişə axtarmırıq. Nə başqasının haqqını yeyərik, nə də öz haqqımızın tapdalanmasına imkan verərik”.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə Rumıniya arasında strateji tərəfdaşlıq son illərdə daha da güclənib və hərbi-dəniz sahəsində əməkdaşlıq Qara dəniz regionunun təhlükəsizliyinə mühüm töhfə verəcək.