Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" tipli döyüş təyyarəsi Balıkesirdə qəzaya uğrayıb. Hadisə nəticəsində pilot minbaşı İbrahim Bolat şəhid olub.
Sherg.az xəbər verir ki, təyyarə Balıkesir 9-cu Ana Jet Üs Komandanlığından gecə saat 00:56-da havaya qalxdıqdan qısa müddət sonra radarla əlaqə kəsilib. Bir qədər sonra təyyarənin İzmir-İstanbul avtomagistralının Naipli ərazisində düşdüyü müəyyən edilib. Qəza yerində araşdırmalar aparılıb, yol müvəqqəti bağlanıb və sonradan yenidən açılıb.
Müdafiə Nazirliyi qəzanın səbəbinin xüsusi komissiyanın araşdırmasından sonra açıqlanacağını bildirib. Balıkesir Respublika Prokurorluğu faktla bağlı cinayət işi başladıb.
Rəsmi şəxslər və dövlət rəsmiləri şəhid pilotun ailəsinə başsağlığı veriblər.