ABŞ Prezidenti Donald Trampın İrana mümkün hərbi müdaxilədən müvəqqəti olaraq imtina etməsində Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman tərəfindən aparılan diplomatik təmasların həlledici rol oynadığı açıqlanıb.
Sherg.az xəbər verir ki, İngiltərənin "The Guardian" qəzetinin yazdığına görə, adıçəkilən ölkələr Vaşinqtonu İranın bombalanmasının Yaxın Şərqdə genişmiqyaslı və nəzarətdən çıxan münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdar edib. Bu xəbərdarlıqlar Trampı çərşənbə gecəsi planlaşdırılan hərbi əməliyyatdan geri çəkilməyə vadar edib.
Məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan İran, Oman və Türkiyədəki həmkarları ilə telefon danışıqları aparıb. Eyni zamanda HRANA təşkilatı İranda etirazlar zamanı 2 677 nəfərin həlak olduğunu bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran isə Ankaranın artan diplomatik, hərbi və humanitar imkanları sayəsində beynəlxalq böhranlarda “vazkeçilməz aktora” çevrildiyini vurğulayıb.