- “Azərbaycan bayrağı milli kimliyimizin və dövlətçilik iradəmizin təcəssümüdür”
“Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuzu və gələcəyə olan inamımızı ifadə edir. Azərbaycan bayrağı sadəcə dövlət atributu deyil. O, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli kimliyinin, tarixi yaddaşının, müstəqil yaşamaq iradəsinin və dövlətçilik məfkurəsinin təzahürüdür. Bu bayraq altında Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apararaq tarixi nailiyyətlərə imza atmışdır”.
Bu fikirləri 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü münasibətilə Sherg.az-a öz təəssüratlarını bölüşən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Millət vəkili dövlət rəmzimizin bu günkü ucalığına yetməsi üçün keçmişdən bu günə qədər keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq qeyd edib:

“Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərinə, xalqımızın milli oyanış və istiqlal mübarizəsinin geniş vüsət aldığı dövrə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birini quraraq dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Müstəqil dövlətin atributlarının müəyyənləşdirilməsi, milli ideologiyanın formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi həmin dövrün başlıca vəzifələrindən idi. 1918-ci il iyunun 21-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə əvvəlcə qırmızı fonda ağ aypara və səkkizguşəli ulduz təsvirindən ibarət ilk dövlət bayrağı qəbul edildi. Həmin ilin 9 noyabr tarixində isə hökumətin növbəti qərarı ilə bu atribut mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan üçrəngli bayraqla əvəz olundu. Beləliklə, bu mühüm tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutdu”.
P. Vəliyeva çıxışında cümhuriyyət qurucularının və dövrün dahilərinin bayrağın rənglərini ustalıqla seçməsini, onun ideoloji mahiyyətini və simvolikasını bu cür izah edib:
“Üçrəngli bayraq milli dövlətçiliyimizin, istiqlalımızın və xalqımızın azadlıq arzularının ali rəmzinə çevrildi. Onun ideoloji mahiyyəti görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri ilə birbaşa bağlıdır. Bayrağımızda əks olunan mavi rəng türkçülüyü – yəni Azərbaycan xalqının türk mənşəyini, milli köklərini, dilini, mədəniyyətini və türk dünyası ilə sarsılmaz bağlarını ifadə edir. Qırmızı rəng müasirlik və tərəqqini – yəni dünyəvi, demokratik cəmiyyət qurmaq, inkişafa və yeniliyə nail olmaq istəyini təcəssüm etdirir. Yaşıl rəng isə İslam sivilizasiyasını – xalqımızın bu mədəniyyətə mənsubiyyətini, zəngin dini-mənəvi irsini və əsrlər boyu formalaşmış dəyərlərini rəmzləşdirir. Qırmızı zolaq üzərində yerləşən ağ aypara və səkkizguşəli ulduz da dövlətçiliyimizin tarixi və milli-mədəni irsi ilə bağlı olan mühüm elementlərdir. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra üçrəngli bayrağımız uzun illər rəsmi dövlət atributu kimi istifadə edilməsə də, xalqımızın azadlıq və müstəqillik idealları ilə bərabər, müstəqil dövlət qurmaq arzusunun simvolu kimi yaddaşlarda qorunub saxlanıldı”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə səpilən istiqlal toxumları məhz Ulu Öndər Heydər Əliyevin cəsarətli və uzaqgörən siyasəti nəticəsində yenidən cücərərək dövlət səviyyəsinə yüksəlib:
“1990-cı il noyabrın 17-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. Bu qərar milli dövlətçilik tariximizin bərpası istiqamətində atılmış tarixi bir addım idi. Çox keçmədən, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın ölkənin Dövlət Bayrağı kimi qəbul olunması barədə qərar verdi və beləliklə, milli istiqlal rəmzimiz yenidən rəsmi status qazandı. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə müstəqilliyini bərpa edən Azərbaycanın suverenliyinin əsas rəmzi kimi bu bayraq dövlətçilik tariximizdə öz layiqli yerini tutdu. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunması və bərpası istiqamətindəki fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Dövlət Bayrağı Gününün təsis edilməsi də məhz bu milli irsə və istiqlal tariximizə verilən yüksək qiymətin bariz göstəricisidir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər və həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət bayrağımız artıq bütün torpaqlarımızda dalğalanaraq ərazi bütövlüyümüzün və mütləq suverenliyimizin rəmzinə çevrilib:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir və həmin tarixdən etibarən bu əlamətdar gün ölkəmizdə dövlət səviyyəsində, yüksək təntənə ilə qeyd olunur. Dövlət Bayrağına göstərilən yüksək ehtiramın ən bariz nümunələrindən biri də dövlət başçısının 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Bu meydan xalqımızın müstəqilliyə olan ehtiramının və vətənpərvərlik duyğularının möhtəşəm ifadəsidir.
Müasir tariximizdə Dövlət Bayrağımızın mənəvi və siyasi əhəmiyyəti xüsusilə Vətən müharibəsi və sonrakı tarixi hadisələr zamanı özünü daha qabarıq göstərdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat müharibənin Zəfərlə başa çatmasını təmin etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyimiz tam bərpa olundu. Bu gün üçrəngli bayrağımız doğma yurdumuzun hər bir guşəsində dövlətimizin gücünün və sarsılmazlığının rəmzi kimi qürurla dalğalanmaqdadır”.
Pərvanə Vəliyeva sözlərini bu müqəddəs rəmzin birləşdirici gücünü və xalqımızın vətənpərvərlik ruhunu ifadə edən dərin fikirlərlə tamamlayıb:
“Bu bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını, əsgər və zabitlərimizin fədakarlığını özündə yaşadır. Azərbaycan bayrağı hər bir şəhidimizin yarımçıq qalmış arzularının, hər bir qazimizin mübarizəsinin, hər bir vətəndaşımızın Vətənə olan sonsuz sevgisinin rəmzidir. Eyni zamanda, beynəlxalq aləmdə – Birləşmiş Millətlər Təşkilatında, diplomatik nümayəndəliklərdə, mötəbər idman yarışlarında idmançılarımızın qələbə sədaları altında ucalan bayrağımız hər birimiz üçün tükənməz qürur mənbəyidir. Alimlərimizin, mədəniyyət və incəsənət xadimlərimizin beynəlxalq arenada əldə etdikləri uğurlar bu nüfuzu daha da artırır. Azərbaycan bayrağı həm də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı vahid məfkurə ətrafında birləşdirən milli rəmzdir. Dövlət bayrağına hörmət – hər bir vətəndaşın öz dövlətinə, xalqına və tarixinə olan münasibətinin göstəricisidir. Bayrağımız daim ucalarda dalğalansın!”.