Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
“Milli qəhrəman” mifləri məhkəmə qarşısında diz çökdü
Fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri törətmiş Ermənistan vətəndaşlarının məhkəməsi keçirilib.
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Uzun müddətdir davam edən məhkəmə prosesindən sonra, dünən Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan xalqına qarşı ağır cinayətlərdə təqsirləndirilənlər Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Araik Arutyunyana, "müdafiə naziri" Levon Mnatsakanyana, "parlamentin sədri" Davit İşxanyana, "xarici işlər naziri" David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib.
Qarabağdakı keçmiş qondarma rejimin başçılarından olan Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf edən, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulan Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməyib.
Lakin şəxslər ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunur və həmin ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Bunlarla yanaşı Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş Melikset Paşayan 19 il, Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Qarik Martirosyan 18 il, "Təhlükəsizlik Şurasının üzvü" Davit Allahverdiyan və qanunsuz birləşmələrin üzvü Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan isə hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra növbəti Zəfər səhifəmiz kimi tarixə həkk olunan 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun qalıqları tam şəkildə tərk-silah edildi, habelə Qarabağda özünə yuva quran qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olunaraq Bakıya gətirildi.
Ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı çıxan, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən bu separatçılara, terrorçulara oxunan hökmlər ədalətlidir. Əlləri xalqımızın qanına batmış bu giyenlər, əslində, ölüm cəzasına layiqdirlər. Lakin humanizmə və beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirən Azərbaycanda ölüm hökmü ləğv edildiyinə görə bu gün bu qatillərə verilən ömürlük həbs ən yüksək cəza sayılır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan həm öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə, həm də ağır cinayətlərdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etməklə tarixi ədalətin bərpasına nail olub: "Mən həmişə demişəm ki, məhkəmə hakimiyyəti insanlıq əleyhinə, sülh əleyhinə və müharibə cinayətləri törətmiş bu şəxslərə layiqli cəza verəcək. Bu xalqımızın üçüncü qələbəsidir. Yəni biz 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizi işğalçılardan azad etdik, ardınca separatizmin kökünü kəsmək üçün bir günlük antiterror əməliyyatı keçirdik və separatizm tamamilə ləğv olundu. Azərbaycanın konstitusion hüquqları və suverenliyi bərpa edildikdən sonra isə üçüncü mərhələ bu şəxslərin həbs olunaraq layiqli cəza almaları ilə bitməli idi. Artıq biz bunun da şahidi oluruq ki, bu şəxslərə müxtəlif cəzalar verilir. Araik başda olmaqla digərlərinə ömürlük həbs cəzasının verilməsi həm xalqımızın narahatlığına son qoydu, həm də şəhidlərimizin ruhu rahatlıq tapdı. Çünki onların qanı yerdə qalmadı.
Onlar döyüşdüyü torpaqlar azad olunduğu kimi, xalqımıza qarşı cinayət törətmiş şəxslərin də məhkəməsi keçirildi və onlara ədalətli cəza verildi. Məhkəmənin bu hökmünü alqışlayıram. Məhkəmə prosesi açıq, şəffaf və prosessual hüquq normalarına tam uyğun şəkildə keçirilib. Xaricdən bu prosesi izləyən və bu cinayətkarların azad olunmasına çalışan bəzi qurumlar, şəxslər belə, məhkəmənin ədalətli və obyektiv aparılmaması ilə bağlı əsaslı, nöqtə qədər belə irad tapa bilmədilər. Bu da ədliyyə və ədalət mühakiməsi sistemimizin növbəti qələbəsidir. Bu proses bir daha sübut etdi ki, biz Azərbaycan xalqı olaraq torpağımıza və millətimizə qarşı vuruşan cinayətkar insanlara layiqli cəza verməyə qadir bir dövlətik”.
Siyasi şərhçi Azər Niftiyev məhkəmə hökmünü suverenliyə aparan yol və tarixi məsuliyyətin bərpası kimi dəyərləndirib: “Azərbaycan məhkəməsi tarixi ədaləti bərpa etdi. İşğalın memarları, illərlə mülki əhaliyə qarşı törədilmiş cinayətlər, Xocalıdan Şuşaya qədər uzanan qanlı əməliyyatlar artıq qanunun sərt hökmü ilə üz-üzədir. Araik Arutyunyan və onun qondarma rejimdəki həmkarları ömürlük cəza aldılar. Bu, təkcə hüquqi proses deyil, həm də Ermənistanın illərlə dünyaya sırımaq istədiyi mifin iflasıdır. Tarixi yalanların, saxta qəhrəman obrazlarının maskası qopdu və ortaya çıxdı ki, bütün işğal siyasəti planlı, dövlət səviyyəsində idarə olunan, qanlı bir mexanizm olub.
Arutyunyanın törətdiyi cinayətlər sırf şəxsi məsuliyyət deyil, bu, illərlə qurulan cinayət xəttinin simvoludur. Onun rəhbərlik etdiyi əməliyyatlar, raket zərbələri, şəhərlərin bombalanması, minlərlə günahsız insanın qətli Azərbaycan məhkəməsinin hökmündə bir daha təsdiqini tapdı. Arutyunyanın həyatı indi işğalın və qanunsuz silahlı siyasətin canlı portretidir. Məhkəmə ona tarixdən qaçış olmadığını açıq şəkildə göstərdi.
David Babayan, Jalal Harutyunyan, Levon Mnatsakanyan və digər cinayətkarlar də ömürlük cəza ilə qarşı-qarşıyadır. Bu şəxslər illər boyu Ermənistan cəmiyyətinə “milli qəhrəman” kimi təqdim edilirdilər, amma gerçək obrazları, yüzlərlə günahsız insanın qanı ilə örtülmüş cinayətkar davranışları cəzasız qalmadı. Onlar yalnız öz talelərini deyil, Ermənistanın 30 illik işğal xəttinin də simvolik məhkumiyyətini daşıyırlar.
Məhkəmə sübut etdi ki, Qarabağda fəaliyyət göstərən qondarma silahlı birləşmələr heç vaxt müstəqil olmayıb. Bütün təminat, kadr təyinatları, komanda xətti, əməliyyat qərarları birbaşa İrəvandan idarə olunub. Ermənistanın uzun illər dünyaya sırmaq istədiyi mif darmadağın oldu: işğalın müəllifi və icraçısı elə öz dövlətidir”.
A.Niftiyev qeyd edib ki, Azərbaycan bu proseslə təkcə ədaləti bərpa etmədi, tarixi doğru yazdı, mifologiyanı dağıtdı, insanlıq əleyhinə bəsəri cinayətlərin necə məhv edildiyini göstərdi: “Ömürlük cəza alan bu şəxslər artıq yalnız öz talelərinin deyil, Ermənistanın cinayətkar xəttinin də canlı nümunəsidir. Silaha, yalan ideologiyaya və işğal siyasətinə əsaslanan bir rejim, nəticədə öz müəlliflərini uddu. Bu hökm bir daha sübut etdi ki, sülh yalnız torpaqların azad edilməsi ilə deyil, hüquqi məsuliyyət və ədalət zəminində mümkündür. Bir daha təsdiq oldu ki, cinayətkar siyasət nə qədər güclü görünürsə görünsün, nəticədə müəlliflərinə qayıdır. Tarixdə ədalət gec-tez öz hökmünü verir. Arutyunyan və digərləri artıq həmin hökmün canlı simvoludur.
Azərbaycan təkcə qanunla deyil, həm də tarixi iradə ilə göstərdi ki, cinayətin ünvanı dəyişsə də, nəticəsi dəyişmir. Ermənistanın illərlə yedizdirdiyi mif, “milli qəhrəman” obrazları və saxta quruluşlar bu gün öz müəlliflərinin başında çatlayır. Bumeranq geri döndü və bu dəfə birbaşa müəllifin üzünə çırpıldı”.