Ukrayna artıq diktə edən tərəfdir - Siyasi şərhçi

  • Vüqar Dadaşov: “NATO Türkiyədə Rusiyaya qarşı son siyasi qərarını formalaşdırdı”

"Türkiyədə keçirilən NATO sammitinin yekunları Alyans daxilində son dövrlərdə yaranmış fikir ayrılıqlarının aradan qalxması və vahid mövqeyin bərpa olunması baxımından mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib. 

MCP funksionerinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda, xüsusilə də Donald Trampın yenidən hakimiyyətə qayıtmasından sonra NATO daxilində müəyyən fikir ayrılıqları, hətta Alyansın birliyi ilə bağlı narahatlıqlar açıq şəkildə özünü göstərirdi: "Bu vəziyyətin əsas səbəblərindən biri Tramp administrasiyasının Ukraynaya dəstək, Avropa müttəfiqləri ilə münasibətlər və Rusiya ilə dialoq məsələlərində əvvəlki dövrlərdən fərqlənən mövqe nümayiş etdirməsi idi.

Türkiyədə keçirilən NATO sammitinin yekunları isə göstərir ki, müttəfiqlər ümumi təhlükəsizlik prioritetləri ətrafında yenidən ortaq mövqe formalaşdırmağa nail olublar. Bu baxımdan sammitin nəticələri həm Alyans daxilindəki fikir ayrılıqlarının böyük ölçüdə aradan qalxması, həm də ABŞ-ın NATO çərçivəsində daha koordinasiyalı və vahid yanaşmaya qayıtmasının əlaməti kimi dəyərləndirilə bilər.

ABŞ-ın, daha dəqiq desək, Donald Trampın mövqeyinin real nəticələr doğuracaq şəkildə dəyişməsinin bir neçə ciddi səbəbi var. Hər şeydən əvvəl, NATO-nun və ABŞ-ın Ukraynaya münasibətinin dəyişməsinin başlıca səbəbi Ukraynanın Rusiyanın təcavüzkar müharibəsinə qarşı nümayiş etdirdiyi ciddi müqavimət və əldə etdiyi real hərbi uğurlardır.

Bu günə kimi Zelenskiyə və Ukraynaya nə qədər təzyiq göstərilməsinə baxmayaraq Ukrayna öz mübarizəsini dayandırmadı, əksinə, müqavimətini daha da gücləndirdi. Nəticədə həm hərbi əməliyyatlarda ciddi üstünlüklər qazandı, həm də müasir hərbi texnologiyalar sahəsində mühüm nailiyyətlər əldə etdi".

V. Dadaşovun sözlərinə görə, hazırda Ukraynanın müqaviməti və müharibəni Rusiya ərazisinə daşıması artıq təkcə Putinin hakimiyyəti üçün deyil, bütövlükdə Rusiyanın gələcəyi və hətta parçalanması baxımından ciddi təhlükə yaradır: "Məhz bu reallıq fonunda ABŞ Ukraynaya dəstəyini artırması və 2026-cı ildə NATO çərçivəsində təxminən 70 milyard dollarlıq hərbi yardımın nəzərdə tutulması təsadüfi deyil. Bu, artıq geosiyasi reallığın qəbul edilməsi və güc balansının dəyişdiyinin etirafıdır. Hətta bunu Trampa qarşı bir məcburiyyət hesab etmək olar. 

Digər tərəfdən, Donald Trampın Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynada istehzalına lisenziya verməsi də Rusiyanın gələcək taleyi ilə bağlı ciddi nəticələr çıxarmağa əsas verir.

Bununla belə, hesab edirəm ki, proseslər hələ də dəyişə bilər. Vladimir Putinin hakimiyyətdən getməsi halında danışıqlar masası yenidən qurula və tərəfləri müəyyən dərəcədə qane edən nəticələr əldə etmək olar.

Ancaq artıq bir həqiqət dəyişməzdir: Ukrayna artıq diktə edən tərəf olduğunu sübut edib. Kiyevi təkcə öz dövlətçiliyini deyil, həm də son dövrlərdə Avropanın təhlükəsizliyinin əsas sipərlərindən biri olduğunu bütün dünyaya nümayiş etdirir". 

Siyasi şərhçi qeyd edib ki, Türkiyədə keçirilən NATO sammitinin nəticələrini Rusiyanın sıxışdırılması və qlobal güc statusundan məhrum edilməsi istiqamətində ciddi dönüş nöqtəsi kimi qiymətləndirmək olar:

"Türkiyənin F-35 proqramına qaytarılması və əldə olunan digər razılaşmalar Rusiya ilə neytral münasibətlər saxlayan, Moskvanın Qərbə açılan nəfəsliyi rolunu oynayan Ankaranın artıq NATO tərəfindən qəti şəkildə öz tərəfinə çəkildiyini göstərir.

ABŞ və NATO-nun Türkiyə ilə bu razılaşması təkcə Ankaranın hərbi gücünün etirafı deyil, həm də Avropanın təhlükəsizliyi naminə strateji yaxınlaşmanın göstəricisidir.

Donald Trampın siyasəti fonunda NATO daxilində yaranmış fikir ayrılıqları Türkiyəni Alyansın əsas oyunçularından və söz sahiblərindən birinə çevirib. Bu, NATO-nun birliyinin qorunmasına xidmət edir.

Türkiyə NATO sammitindən sonra artıq qəti demək olar ki, Rusiya ilə bağlı ABŞ, NATO və Avropa ölkələrinin siyasi qərarı formalaşıb və son mərhələ həmin qərarın həyata keçirilməsidir".