Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi bildirib ki, Abu-Dabidə keçirilən Ukrayna danışıqları “misilsiz” idi və “konstruktiv və pozitiv” atmosferdə baş tutub.
Sherg.az xəbər verir ki, BƏƏ MİD-in məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa təmasda olub və ABŞ tərəfindən təklif olunan sülh sazişi ilə bağlı həll olunmamış məsələlər müzakirə edilib. Həmçinin etimadın gücləndirilməsi tədbirləri həyata keçirilib ki, bu da geniş sülh sazişinə nail olunmasına dəstək məqsədini daşıyır.
BƏƏ vurğulayıb ki, ölkə Rusiya-Ukrayna dialoqunu dəstəkləməyə sadiqdir və əvvəlki danışıqlarda da təxminən 17 uğurlu hərbi əsir dəyişimi əməliyyatı baş tutub. Nazirlik qeyd edib ki, dialoq olmadan münaqişələrin həlli mümkün deyil və davamlı təmas vasitəsilə irəliləyiş əldə olunur.
Danışıqlar 23–24 yanvar tarixlərində qapalı rejimdə keçirilib, mətbuat nümayəndələri iştirak etməyib. Ən çətin mövzu ərazi məsələsi olub. Reuters məlumatına görə, ilk gün tərəflər arasında mövqelərin yaxınlaşması müşahidə olunmayıb, lakin təhlükəsizlik zəmanətləri və digər aspektlər də müzakirə olunub.