"Avropa enerji kartı ilə Rusiyanın təzyiqi arasında sıxışıb”
Rusiya-Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlər sistemində ən mühüm geosiyasi qarşıdurmalardan biridir. Bu müharibə təkcə iki dövlət arasında hərbi toqquşma deyil, eyni zamanda qlobal güc balansının yenidən formalaşdığı prosesin təzahürüdür.
Bir tərəfdə regionda təsir dairəsini qorumağa çalışan Rusiya, digər tərəfdə isə bu təsirin genişlənməsinin qarşısını almağa çalışan Qərb aktorları dayanır. Xüsusilə enerji təhlükəsizliyi, siyasi təsir imkanları və iqtisadi asılılıqlar bu qarşıdurmanın əsas komponentlərinə çevrilib. Bu kontekstdə Ukraynanın xarici siyasət istiqaməti və ilə inteqrasiya cəhdləri həm regional, həm də qlobal səviyyədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır.
Regionda baş verənlərin fonunda Zelenski Aİ-dən üzvlük üçün konkret tarix tələb edib. O, Ukraynanın bərabərhüquqlu tərəfdaş kimi qəbul olunmasının vacibliyini vurğulayıb. Zelenski əks halda Birliyin Ukraynanı itirə biləcəyini bildirib.
Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a Rusiya-Ukrayna müharibəsinin əslində Rusiya ilə Qərbin müharibəsi olduğunu söyləyib:
"Rusiyanın regiondakı gücünü genişləndirməməsi üçün ABŞ və Aİ Ukraynanı dəstəkləyən bəyanatlar və addımlar gündəmə gətirirlər.
Lakin xüsusilə Rusiyanın Aİ ölkələrinə qarşı enerji kartını ortaya qoyması səbəbindən Avropa ölkələri ciddi bir təhdidlə üz-üzə olduqlarını bilirlər. Rusiya da Ukraynanın Qərb istiqamətinə daxil olmaması üçün enerji rıçaqından istifadə edə bilir. Onun Aİ ölkələrinə qarşı bu kartı işə salması Avropada fövqəladə enerji böhranlarını da özü ilə gətirir.
Bununla belə, müharibənin yaratdığı mənfi təsirləri və nəticələri aradan qaldıra bilmək üçün bir tərəfdən ABŞ istiqaməti ilə əlaqələrini gücləndirməyə çalışarkən, digər tərəfdən də Aİ-nin qapısını döyür. Belə ki, Aİ üzvlüyü ilə bu böhranın aradan qaldırıla biləcəyi düşüncəsi mövcuddur.
Halbuki Avropa İttifaqı üzvlüyü üçün tələb olunan iqtisadi və texniki meyarlar uzun bir prosesi əhatə edir. Üstəlik, Ukraynanın bu şərtləri təmin edib-etmədiyi də böyük sual altındadır".
Analitik vurğulayıb ki, Aİ ölkələri belə bir addımda Rusiyanın enerji kartını yenidən işə salmasından çəkinə bilirlər:
"Hazırda münasibətlər Aİ-nin ümumi qonşuluq siyasəti çərçivəsində irəliləsə də, qısa müddətdə Zelenskinin tələb etdiyi kimi bir üzvlüyün reallaşması mümkün görünmür. Bu halda, bu tələbi Ukraynanın Rusiyaya vermək istədiyi mesaj kimi oxumaq daha doğru olar. Çünki bu prosesin qısa müddətdə baş verməsi mümkün deyil. Bütün bu amillər fonunda Zelenskinin ABŞ və Aİ istiqaməti ilə əlaqələrini inkişaf etdirmək istəyi də mövcud bir reallıq olaraq qalmaqdadır".