Ukraynada seçkilər yalnız atəşkəsdən sonra baş tutacaq - RƏY

İlqar Vəlizadə: "Müharibə şəraitində ümumxalq səsverməsi praktik olaraq qeyri-mümkündür”

“Qərb demokratik institutları istəyir, amma real vəziyyət təhlükəsizlik tələb edir”

Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr yenidən intensivləşib. Xarici KİV-lər Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin dördüncü ildönümündə, fevralın 24-də prezident seçkiləri və referendum keçirilməsinə dair planını elan etmək niyyətində olduğunu yazıb.

Ukrayna qanunvericiliyinə əsasən müharibə şəraitində seçkilərin keçirilməsi təxirə salınır. Lakin ABŞ-nin təzyiqləri səbəbindən rəsmi Kiyev seçkilərin keçirilməsi üçün tədbirlər görməyə hazırlaşır. 

Məlumdur ki, ABŞ sülh prosesində Ukraynanın müəyyən güzəştlərə getməsinə çalışır. Kiyev bu güzəştlərə getmədikdə, Vaşinqton Ukraynada prezident seçkilərinin keçirilməsini gündəmə gətirib. Hətta Prezident Donald Tramp da ötən il bu barədə bir neçə dəfə danışıb və Zelenskini tənqid etmişdi. Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər. Bu təzyiqlər qarşısında Ukrayna Ali Radası ötən ilin dekabrında hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin hazırlanması üçün işçi qrupu yaradıb. Qrupun işində parlamentin bütün fraksiya və deputat qrupları, Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki məsələləri ilə məşğul olan ictimai təşkilatların nümayəndələri iştirak edir.

Eyni zamanda təhlükəsizlik məsələsi əsas müzakirə mövzusu olaraq qalır. “The Times” qəzetinə danışan Ukrayna kəşfiyyat zabiti bildirib ki, seçkilər keçiriləcəyi təqdirdə Kiyev xarici tərəfdaşlardan, o cümlədən kəşfiyyat xidmətlərindən dəstək istəməyi planlaşdırır. Məqsəd həm xaricdə yaşayan milyonlarla ukraynalı üçün seçki məntəqələrinin təşkilinə kömək almaq, həm də səsverməyə cavabdeh yerli vəzifəli şəxslərin yoxlanılmasıdır.

Ukrayna tərəfi bunu seçki prosesinə Rusiyanın mümkün müdaxiləsinin qarşısını almaqla izah edir. Kəşfiyyat rəsmisinin sözlərinə görə, səs sayma komissiyalarının tərkibinə müxtəlif siyasi qüvvələrin nümayəndələri daxil edilməlidir və rəsmi Kiyev Rusiyanın bu komissiyalara təsir göstərməyə və nəticələri saxtalaşdırmağa cəhd edə biləcəyini gözləyir.

Siyasi şərhçi İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı səslənən fikirlər daha çox siyasi müzakirə xarakteri daşıyır və real prosesin başlanması üçün hüquqi və təhlükəsizlik şərtləri hələ formalaşmayıb. Onun sözlərinə görə, Ukrayna Konstitusiyası və hərbi vəziyyət haqqında qanunvericilik ölkədə müharibə davam etdiyi müddətdə ümumxalq səsverməsinin keçirilməsini praktik olaraq mümkünsüz edir: “Ukrayna Prezidentinin Ofisindən seçkilərin tarixi ilə bağlı yayılan məlumatlar təkzib edilib. Ukraynada prezident seçkilərinə yalnız atəşkəs elan edildikdə və hərtərəfli təhlükəsizlik zəmanətləri təmin edildikdən sonra başlanılacağı qeyd edilib. Seçki mövzusu Ukraynada müzakirə edilsə belə keçirilməsi ilə bağlı yekun qərar verilmədiyi görünür”.  

İ. Vəlizadənin fikrincə, seçkilərin keçirilməsi məsələsinin vaxtaşırı gündəmə gətirilməsi həm daxili siyasi müzakirələrlə, həm də beynəlxalq faktorlarla bağlıdır:

“Qərb ölkələri Ukraynada demokratik institutların işlək qalmasını vacib hesab etsə də, real vəziyyət seçkilərin yalnız hərtərəfli atəşkəs və təhlükəsizlik təminatlarından sonra mümkün olacağını göstərir”.