“Çünki Rusiya, Ukrayna ərazilərinin 20 faizini işğal edib. Putinin işğalçılıq siyasəti minlərlə günahsız insanın ölümünə səbəb olub"
Ötən il Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının Baş katibi Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması məqsədilə, Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıblar. Bu gün Moldovanın paytaxtında keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında tribunalın yaradılması üçün icra sazişi təsdiqlənib.
Dünyanın 36 dövləti və Avropa İttifaqı sazişə qoşulacağını açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi, bütün dövlətləri tarixi prosesə qoşulmağa çağırıb. Tribunal araşdırmalar əsasında sübutlar toplayaraq, Ukraynaya qarşı törədilən təcavüzkar əməllərə görə ittiham aktları hazırlayacaq. Kiyev tribunalın faktiki olaraq 2027-ci ildə fəaliyyətə başlayacağını gözləyir. Bu təşəbbüsün Rusiya ilə Ukrayna arasında dörd ildir davam edən müharibənin gedişinə necə təsir göstərəcəyi sual altındadır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, müharibə cinayətlərinin hüquqi tərəfi yaradılan tribunallar əsasında həyata keçirilir:
“Hazırda Putinin törədiyi əməllərə görə onun məsuliyyətə cəlb edilməsi mümkün görünmür. Təsisçinin Ukrayna olması da bunu deməyə əsas verir. Məsələn, 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə qərar verməsinə baxmayaraq, o hələ də azadlıqdadır. Artıq Putin beynəlxalq aləmdə “cinayətkar” statusu ilə tanınır. Əgər gələcək dönəmdə, Putin və havadarlarının cinayət əməlləri geniş faktlarla tədiqini taparsa, onların həbsi qaçılmaz olacaq”.
Politoloqun sözlərinə görə, Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var:
“Çünki Rusiya, Ukrayna ərazilərinin 20 faizini işğal edib. Putinin işğalçılıq siyasəti minlərlə günahsız insanın ölümünə səbəb olub. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ukraynanın hərbi hücumlara qarşı özünü müdafiə etmək hüququ var. Yəni, hazırda Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr müdafiə xarakteri daşıyır. Müşahidə etsək görərik ki, Kiyevin əsas hədəfi hərbi bazalar, radar stansiyaları, hava hücumundan müdafiə sistemləri və logistika mərkəzləridir. Rusiya isə Ukraynanı tabe olmağa məcbur etmək üçün mülki obyektləri bombalayır”.
Ə.Mustafa tribunalın hədəf və məsqədlərini izah edib:
“Rusiyanın müharibə cinayətlərinə dair sənədlər toplusu müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətləri əhatə edən faktlarla doludur. Putin və havadarlarının iştirak etdiyi hər bir cinayət əməli, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasında öz təsdiqini tapıb. Tribunal bu mühakiməni gələcəkdə həyata keçiriləcək mexanizmin əsasını təşkil edir. Bu qurum müəyyən qədər Putinin gözünü qorxudub, savaşı dayandırmağa məcbur etmək üçün də yaradılmış ola bilər”.