
Ukraynaya qarşı vuruşan çinlilər danışdı: "Ruslardan eşitdiyimiz hər şey yalan imiş"
10:18 15.04.2025
Gündəm
490
Rusiyanın tərəfində döyüşərkən əsir düşən iki Çin vətəndaşı cəbhədə yaşadıqlarını danışıb. Sherg.az xəbər verir ki, onlar Çindən döyüşə hökumət tərəfindən göndərilmədiklərini vurğulayıblar. “Kyiv Independent”-in xəbərinə görə, Ukraynanın əlində olan çinli əsirlərdən Vanq Quanqjun bir ukraynalı əsgər tərəfindən tutulduqdan sonra Rusiyanın kimyəvi silah hücumuna məruz qaldığını bildirib.
Kiyevdə təşkil edilən mətbuat konfransında danışan Vanq, “Gücümü və huşumu itirirdim. Sonra yerə yıxıldım və kimsə məni yaxamdan tutub təmiz havaya çıxardığını hiss etdim,” deyə qeyd edib.
Vanq bildirib ki, Ukrayna qüvvələri tərəfindən əsir alındıqdan sonra Rusiya hücumları davam etdiyi üçün sığınacağa yerləşdirilib və ukraynalı əsgərlərin onu qoruduğunu və yaxşı davrandıqlarını söyləyib.

1991-ci il təvəllüdlü Vanq Quanqjun və 1998-ci il təvəllüdlü Canq Renbo, Rusiyanın tərəfində Ukraynaya qarşı döyüşərkən əsir düşən ilk Çin vətəndaşlarıdır.
Onların əsir götürüldüyünü Ukrayna Prezidenti Volodimir Zelenski 11 aprel tarixində açıqlayıb. Zelenski, Ukraynada rus tərəfdə döyüşən azı yüzlərlə çinli olduğunu bildirmişdi.
TikTok-da gəzişərkən reklamı görüb
Vanq Çində TikTok-da gəzişərkən Rusiya ordusuna qoşulmaqla bağlı reklam gördüyünü bildirib. Keçən yay işini itirdikdən sonra təkliflə maraqlandığını və xüsusilə hərbi xidmətin Çində nüfuzlu sayıldığını deyib.
Ona təklif edilənə görə, rus ordusunda xidmət edən bir çinli hər ay 200-250 min rubl (təxminən 2-3 min dollar) maaş alacaqdı. Bu isə Çindəki orta maaşdan daha yüksəkdir.
Vanqa vəd edilmişdi ki, Rusiya səfəri və sənədlərlə bağlı bütün işlər həll ediləcək. Amma bu vədlər yerinə yetirilməyib. Daha sonra ruslar onun bank kartını və telefonunu əlindən alıblar. Nəticədə o, qazancına özü nəzarət edə bilməyib.
"Pul qazanmaq istəyirdim"
Əsir düşən digər çinli Canq isə imkanlı ailədən gəldiyini, daha əvvəl yanğınsöndürən və xilasetmə əməkdaşı olaraq çalışdığını bildirib. Dekabrda Rusiyaya gəlib və əvvəlcə tikinti işində işləmək təklifi alıb. Amma daha sonra hərbi xidmətə cəlb edilib.
Canq deyib: “Pul qazanmaq istəyirdim, amma özümü müharibədə tapacağımı heç gözləmirdim.”
Hər iki əsgər Çinin hansı bölgəsindən olduqlarını açıqlamayıb. Hökumətlə heç bir əlaqələrinin olmadığını və rus ordusu ilə könüllü müqavilə imzaladıqlarını deyiblər.
Cəbhəyə çatmazdan əvvəl Moskva, Rostov-na-Donu və Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Donetsk şəhərindən keçiblər.
Vanq deyir ki, özü də ehtimal ki, Orta Asiya, Qana və İraqdan gələn insanlarla birlikdə eyni düşərgədə yerləşdirilib.
"Heç bir əsgəri öldürməmişəm"
Çinli əsirlər deyiblər ki, onlara əmr vermək üçün yalnız əl-qol işarələrindən istifadə edən rus komandirlərin tabeliyində olublar.
Vanq hərbi təlim mərkəzində nəzarətin çox sərt olduğunu və bu səbəbdən qaçmağın mümkün olmadığını bildirib. Həmçinin heç bir ukraynalı əsgəri öldürmədiyini deyib. Əsir düşməzdən əvvəl yalnız üç gün cəbhədə olduğunu söyləyib. Canq isə ukraynalı əsgəri yalnız əsir düşdüyü gün görüb.
"Ukrayna o qədər də zəif deyilmiş"
Hər iki çinli mətbuat konfransında Rusiyanı tənqid edib və vətəndaşlarını bu ölkə üçün döyüşməkdən çəkindirməyə çağırıb. Amma “Kyiv Independent” qeyd edir ki, bu açıqlamaları Ukrayna əsirliyində verdikləri üçün iddialarının səmimiyyəti təsdiqlənə bilməz.
Vanq bildirib:
“Savaşmaq istəyən çinli vətəndaşlara bunu etməmələrini söyləmək istəyirik. Çünki ruslardan eşitdiyimiz hər şey yalan imiş. Rusiyanın o qədər də güclü, Ukraynanın isə o qədər də zəif olmadığı ortaya çıxdı. Ona görə də müharibəyə qatılmamaq daha yaxşıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə