Venesuela faktoru şişirdilir, Rusiya üçün real təhlükə yoxdur - İlham Şaban

Venesuela nefti qlobal bazarı silkələməyəcək

Dünya enerji bazarlarında neft qiymətləri sabit deyil. Bu dəyişkənlik əsas enerji oyunçularının siyasətindən birbaşa asılıdır. Son illər ABŞ-nin enerji müstəqilliyini əhəmiyyətli dərəcədə gücləndirməsi qlobal neft balansına təsir göstərən əsas amillərdən birinə çevrilib. “The Times” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp ölkədə əhalinin yaşayış rifahını qorumaq məqsədilə neft və yanacağın qiymətlərinin aşağı səviyyədə saxlanılmasına çalışır. Lakin bu siyasət Vaşinqton üçün daxili iqtisadi üstünlüklər yaratsa da, Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Qəzetin yazdığına görə, Trampın Rusiya Prezidenti Vladimir Putinə yönəlik açıq simpatiyasına baxmayaraq, qlobal neft qiymətlərinin aşağı salınmasına hesablanan siyasəti Kremlin strateji maraqları ilə ziddiyyət təşkil edir. Çünki Rusiya iqtisadiyyatının əsas gəlir mənbəyi neft və qaz sektorundan daxil olan vəsaitlərdir. Ötən həftə Tramp ABŞ və Avropanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüş keçirərək onları Venesuelada neft hasilatının genişləndirilməsinə sərmayə yatırmağa təşviq edib. İddialara görə ABŞ liderinin Venesuela istiqamətində atdığı addımlar qlobal neft qiymətlərini aşağı çəkmək cəhdlərinin tərkib hissəsidir. Bu addımın müharibədən onsuz da zəifləyən, Rusiya iqtisadiyyatına hansı miqyasda təsir edəcəyi hələlik qeyri-müəyyəndir.

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert, İlham Şaban Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyada iqtisadi dinamika və əhalinin yaşam səviyyəsi ildən-ilə zəifləyir:

“Neft və qaz sektorunda müşahidə olunan geriləmə bu prosesin əsas səbəblərindən biridir. 2025-ci ilin yekunlarına dair neft-qaz gəlirləri Rusiya üçün ciddi azalma ilə müşayiət olunub. Belə ki, əvvəlki illə müqayisədə neft və qazdan dövlət büdcəsinə daxilolmalar təxminən 25 faiz azalıb. Bu azalma, bir tərəfdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketinin genişlənməsi, digər tərəfdən isə neft ixracının coğrafiyasının daralması və satış həcmlərinin azalması ilə bağlıdır. Nəticədə Moskvanın enerji ixracından əldə etdiyi fiskal gəlirlər əhəmiyyətli dərəcədə zəifləyib”.

İ.Şabanın qənaətinə görə, Venesuelada neft hasilatının artımı birbaşa ABŞ-nin enerji bazarına təsir edəcək:

“Venesuelada çıxarılan neft əsasən ABŞ-nin Texas ştatında yerləşən ağır neft emalı üzrə ixtisaslaşmış neftayırma zavodlarına yönəldilə bilər. Bu ssenari reallaşarsa, Texas markerli neftin qiymətinin 50 dollaradək enməsi mümkündür. Lakin Venesuela nefti hazırda qlobal bazarda aktiv dövriyyəyə buraxılmayıb. Texniki və istehsal imkanlarını nəzərə alsaq, Venesuela 2026-cı ilə qədər hasilatı maksimum 20-30 faiz artırmaq potensialına malikdir. Bunun qlobal neft qiymətlərinə təsiri gözlənilmir”.

Ekspert hesab edir ki, Venesuela neftinin Rusiya iqtisadiyyatına real təsiri olmayacaq:

“ABŞ Prezidenti Donald Tramp Venesuelada neft hasilatının bərpasına maliyyə dəstəyi göstərsə belə, hasilatın genişləndirilməsi və qiymət mexanizmlərinə təsirin formalaşması uzun zaman tələb edir. Bunun əsas səbəbi Venesuela neftinin ağır və kükürd tərkibinin yüksək olmasıdır. Bu tip xam neft yalnız ABŞ və Çin kimi xüsusi texnoloji imkanlara malik ölkələrdə emal oluna bilir. Kimyəvi tərkib və emal spesifikasına görə Venesuela neftinin potensial alıcı dairəsi məhduddur. Bu səbəbdən, qısa müddətdə satışa çıxarılsa belə, Avropa bazarında Venesuela neftinə real tələbat formalaşmayacaq”.  

Aybəniz Səfərova