ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkəsinin İsraillə hər zaman eyni mövqedə olmadığını bildirərək, “Yaxın Şərq üzrə xarici siyasətimizin İsrail dövlətinin xidmətində olmasına imkan verə bilmərik”, - deyib.
Sherg.az xəbər verir ki, Vens “All-In Podcast” adlı YouTube proqramında ABŞ-İsrail münasibətləri və gündəmdəki məsələlərlə bağlı fikirlərini bölüşüb.
İranın nüvə proqramı ilə yanaşı, konvensional hərbi gücünü də əhəmiyyətli dərəcədə məhv etməyi bacardıqlarını iddia edən Vens deyib:
“ABŞ Prezidenti Donald Trampın nə dediyini bilirsiniz. İsrail hərbi texnologiya və kəşfiyyat məlumatlarının paylaşılması baxımından mühüm tərəfdaşdır. Lakin bəzən ABŞ İsraillə eyni fikirdə olmur”.
Vens Trampın “Amerika xalqının maraqlarının İsrail hökumətinin maraqlarından fərqli olduğunu hiss etdikdə, son 40 ildəki istənilən prezidentdən daha çox İsrailin Baş naziri Binyamin Netanyahu ilə yollarını ayırmağa hazır olduğunu göstərdiyini” bildirib.
Ölkəsinin NATO çərçivəsində bir çox mühüm tərəfdaşlıqlarının olduğunu qeyd edən Vens deyib:
“Lakin bu, xarici siyasətimizi tamamilə NATO-nun xidmətində həyata keçirəcəyimiz anlamına gəlmir. Eyni şəkildə, Yaxın Şərq üzrə xarici siyasətimizin İsrail dövlətinin xidmətində olmasına imkan verə bilmərik”.