Vuçiçin təyyarəsi Moskvaya çatıb - YENİLƏNİB-1

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyaya səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Serbiya liderinin təyyarəsi bu dəqiqələrdə Vnukovo-2 hava limanına enib.

Qeyd edək ki, Vuçiç 9 May Paradında iştirak etmək üçün Moskvaya səfər edib.

Onun təyyarəsi bu gün Bakıya enib. Serbiya mediası Rusiya hava məkanında PUA təhlükəsi ilə əlaqədar Bakıya məcburi eniş etdiyini açıqlasa da, TASS Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakı hava limanına endiyi barədə məlumat yayıb.


***

Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.

***

Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Moskvaya səfər etmək məqsədilə yola çıxıb, amma Ukraynadakı müharibə və hava məkanında silahlı toqquşmalar səbəbindən təyyarəsi Azərbaycanda məcburi eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Məlumata görə, Serbiya prezidentinin təyyarəsi Rusiya ərazisinə keçə bilməyib, çünki bölgədə təhlükəsizlik riskləri mövcud olub. Bu risklərə, o cümlədən hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və münaqişə zonasında təyyarənin məhv edilməsi ehtimalı daxil olub və nəticədə Prezident Vuçiç və nümayəndə heyəti Azərbaycana məcburi eniş edib.