Xameneyi məsuliyyəti prezidentin üzərinə atdı - Gərginlik səngiməyəcək - ŞƏRH

"Üzr istəmək ali rəhbərdən fərqlənmək, xalqa daha yaxın görünmək üçün Pezeşkianın özünə də sərf edir"

"Narazı qüvvələrin Pezeşkianın ətrafında toplanması İrandakı molla rejiminin ləğv edilməsi üçün mühüm rol oynaya bilər” 

İran Prezidenti Məsud Pezeşkian ölkədə baş vermiş etirazlar barədə çıxış edərək xalqdan üzr istəyib və hadisələrdə zərər çəkən hər kəsə xidmət etməyi özlərinə borc bildiklərini bildirib. Prezident vurğulayıb ki, hökumət xalqın səsini eşitməyə hazırdır və özünü xalqın xidmətçisi hesab edir: “Biz özümüzü xalqın qulluqçusu sayırıq, xalqla qarşıdurma axtarmırıq. Amma düşmən cəmiyyətin yarasını daha da dərinləşdirməyə çalışır. Bunun bizim xeyrimizə olmadığını bilməliyik. Biz bir olmalıyıq.”

Pezeşkian həmçinin iddia edib ki, düşmən media və hərbi təzyiq vasitəsilə İran gənclərinin düşüncəsini çaşdırmağa çalışır: “Prezident olaraq bütün çatışmazlıqlar və əskikliklərə görə İran xalqından üzr istəyir və bəyan edirəm ki, 14-cü hökumət xalqın problemlərini qətiyyət və səylə həll etmək üçün bütün imkanlarını səfərbər edib.”

Tarixçi - alim Faiq Ələkbərli “Sherg.az”a açıqlamasında bildirib ki, İran adlanan ölkədə son dövrdə baş verən hadisələr təkcə aksiyalar deyil, həm də xalqın uzunmüddətli narazılığının və molla rejiminin idarəetmə siyasətinə qarşı dərin etirazın ifadəsidir. Onun sözlərinə görə, minlərlə insanın bu etiraz aksiyaları zamanı ölümlə cəzalandırılması və ciddi repressiyalara məruz qalması, sadəcə hadisələrin şiddətini göstərmir, həm də xalqın rejimə qarşı hiddətini və etiraz potensialını artırır: “Etiraz aksiyaları rəsmi olaraq bitmiş kimi görünə bilər, lakin insanların narazılığı qalmaqda davam edir; xüsusilə yaxınlarını itirənlər arasında bu narazılıq daha dərin və aqressiv xarakter daşıyır. Molla rejimi həm fiziki zorakılıq, həm də maddi cəzalar vasitəsilə xalqa qarşı basqı tətbiq edir və bunu özlərinə haqq qazandırmaq cəhdləri ilə müşayiət edir. Lakin siyasətçilərin cəhdlərinə baxmayaraq, xalqın gözündə rejim artıq legitimliyini itirib və bu etiraz dalğası qarşısında dayana bilməkdə çətinlik çəkir”.

F. Ələkbərli qeyd edib ki, İran prezidentinin hadisələrə fərqli, nisbətən yumşaq və dialoqa açıq yanaşması, xalqa üzrxahlıq etməsi və “özümüzü xalqın qulluqçusu sayırıq, qarşıdurma axtarmırıq” kimi açıqlamalar verməsi, gərginliyin səngidilməsinə yönəlmiş taktiki addımdır:

“Bu addım, həm də xalqla əlaqəni bərpa etmək, etirazların yayılmasının qarşısını almaq məqsədini daşıyır. Bu yanaşma həmçinin prezidentin siyasi simasını ali rəhbərlikdən fərqləndirməsi və xalqın gözündə legitimliyini artırması kimi qiymətləndirilə bilər.

Artıq İrandakı rejim anlamağa başlayıb ki, bu gərginlik onların sonlarını gətirəcək. Özünü haqlı göstərən İranın ali lideri Xameneyi bütün məsuliyyəti İran prezidentinin üzərinə ataraq, yaşananlara görə ona üzr istədir. 

Sözsüz ki, bu cür açıqlama ali rəhbərdən fərqlənmək, xalqa daha yaxın görünmək üçün Pezeşkianın özünə də sərf edir. Narazı qüvvələrin Pezeşkianın ətrafında toplanması İrandakı molla rejiminin ləğv edilməsi üçün mühüm rol oynaya bilər”.