"Bu dəhşətli soyqırımı öz qəddarlığı, zorakılığı və amansızlığı ilə bəşər tarixində misli görünməmiş hadisələrdən biridir"
Bu gün Xocalı faciəsinin 34-cü ildönümüdür.. Bununla əlaqədar olaraq vətəndaşlar Xocalı soyqırımı abidəsini ziyarət edib.
Səhər saatlarından etibarən paytaxt sakinləri, məktəblilər və müxtəlif peşə sahibləri faciə qurbanlarının xatirəsini yad etmək üçün “Ana harayı” abidəsinin önünə gələrək gül dəstələri düzüblər.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz Xocalı faciəsi qurbanlarının qisasını aldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı qüvvələrdən və silahlı birləşmələrdən tam şəkildə təmizlənib. Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib. Bunun nəticəsidir ki, bu gün Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, tarix boyu Azərbaycan xalqı erməni vandalizminin ağır nəticələrinə məruz qalıb. Həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə erməni silahlı birləşmələri xalqımıza qarşı saysız-hesabsız vəhşiliklər törədib, yaşayış məntəqələrimizi, mədəni irsimizi, dini abidələrimizi məhv ediblər:
“Bu hadisələr təkcə son onilliklərin faciəsi deyil. 1905–1918-ci illərdə də azərbaycanlılara qarşı eyni qəddarlıq və amansızlıqla törədilən qətliamlar, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti tarixi yaddaşımızda dərin iz buraxıb.
Xüsusilə Xocalı faciəsi XX əsrin ən ağır insanlıq cinayətlərindən biri kimi tarixə düşüb. Bu dəhşətli soyqırımı öz qəddarlığı, zorakılığı və amansızlığı ilə bəşər tarixində misli görünməmiş hadisələrdən biridir. Azərbaycan xalqı Xocalını heç vaxt unutmayacaq və unutdurmayacaq.
Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə ilk dəfə siyasi və hüquqi qiymət verilib, bu hadisənin beynəlxalq miqyasda tanıdılması istiqamətində məqsədyönlü addımlar atılıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını azad etmiş, böyük Zəfər qazanmış bir xalq kimi tarixə adını qızıl hərflərlə yazdırıb.
Bu Zəfər təkcə işğal olunmuş torpaqlarımızın azadlığı deyil, həm də Xocalı şəhidlərinin ruhunun rahat tapması, illərlə gözlədiyimiz ədalətin bərpası deməkdir. Bu gün Azərbaycanın haqq səsi bütün dünyaya çatdırılır, işğalçıların törətdiyi vəhşiliklər beynəlxalq müstəvidə ifşa olunur.
Xocalı soyqırımı insanlıq tarixinin unudulmamalı dərsidir. Bu faciə bir daha sübut etdi ki, ədalətin bərpası yalnız güclü dövlət, güclü lider və xalq birliyi ilə mümkündür”.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!!!