Xüsusi təyinatlı şəhidin qardaşı: “"Murovu biz almışıq"deyəndə bildik ki..."

Aqil Mirzəliyev- qələbəni bizə daddırarkən şəhid olan 2783 igidimizdən biri. O, 1999-cu ildə dünyaya göz açıb. Orta məktəb illərində müxtəlif intellektual yarışları birinciliklə başa vurub. İsmayıllıda böyüyən şəhidimiz Azərbaycan Dövlət İqtisad Universitetinə 613 balla qəbul olunub. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Aqilin həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf edir. Müharibə dövründə ailəsindən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışır. Telefon danışıqlarının birində anasına "Murovu biz almışıq"deyir. Ailəsi Aqilin döyüşlərdə olduğunu belə öyrənir.
Aqil Mirzəliyev Murov, Hadrud, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Xocavəndin Tuğ kəndini işğalçılardan azad edərkən qəhrəmancasına şəhid olub.



Biz də şəhidimizi daha yaxşı tanımaq üçün qardaşı Vüqar Mirzəliyevlə həmsöhbət olduq. Vüqar Mirzəliyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Aqil haqqında bizə danışarkən səsindəki qəmi hiss etmək heç də çətin deyildi...

-Bizə Aqilin xarakteri bardədə danışın.

-Aqil çox ürəyiaçıq, xeyirxah biri idi. Əlində 1 manatı olsa və kimsə ondan pul istəsə, o, 1 manatın yarısını yox, hamısını verərdi. Gecə klubunda işləyirdi. Gecələr işləyib, gündüzlər dərsə gedirdi, zəhmətkeş idi. Bundan başqa, futbol oynamağı, yemək bişirməyi çox sevirdi. Hər cür yemək bişirməyi bacarırdı.

Təxmin etmək çətin olmasa da, belə zəhmətkeş və xeyirxah birinin necə qardaş olduğunu Vüqarın dilindən də eşitmək istədik.

-Aqil necə qardaş idi?

-Aqil məndən 3 yaş böyük idi. İkimiz də yaxşı oxuyub, ali məktəbə yüksək balla qəbul olunmuşuq. Həmişə ona baxıb, həvəslənib yaxşı oxumuşam. Maddi, mənəvi həmişə mənə dəstək göstərib. Dediyim kimi, o, universitetdə oxuduğu vaxt işləyirdi, amma məni çalışmağa qoymurdu. Çox vaxt nəsə lazım olanda evdəkilərə deyirdim, o da mənə bildirirdi ki, nəyəsə ehtiyacın olsa mənə de. Alıb gətirirdi, qoymurdu nədənsə korluq çəkim.
Evdə valideynlərim mənə nəsə bir iş tapşıranda gedib onlara deyirdi:"Vüqar uşaqdır, ona tapşırmayın, nə lazımdırsa, mənə deyin". Həmişə mən əsəbiləşəndə anama, atama söyləyirdi: "Fikir verməyin, uşaqdır. Düzələcək". Yəni məni heç vaxt tək qoymurdu. Heç vaxt çətinliyə düşməyimə icazə vermirdi. Həmişə o çətin işləri öz üzərinə götürürdü".

Səsindən bunları danışmağın qardaş kimi ona necə çətin gəldiyini başa düşsək də, söhbətimizə davam etdik.


-Aqilin yoxluğunu ən çox nələrdə hiss edirsiniz?

-Düzü, onun artıq bizimlə olmadığına hələ də inana bilmirəm. Hərdən yadımdan çıxır. Çünki universitetə qəbul olanundan bəri Bakıda işlədiyi üçün həmişə bizdən uzaqda olurdu. Ona görə elə bilirik ki, yenə hardasa uzaqdadır, yenə gələcək. Yoxluğu hər zaman hiss olunur.

-Şəhidimizin hərbi xidmətdə olduğu vaxtdan, telefon danışıqlarından, sizlərə dediyi sözlərdən danışardınız bir az da.

-Sentyabrın 27-si döyüşlər başlayanda Aqil döyüşlərdə imiş, amma biz bilmirdik. Fikirləşmişdik ki, gənc əsgərdir, aparmazlar. Ayın 30-u bizə zəng elədi, amma döyüşdə olduğunu demədi. Sadəcə hansı əraziləri aldığımızı soruşdu. Biz də saydıq, Murov zirvəsini da dedik. "Murovu biz almışıq"deyəndə bildik ki, Aqil döyüşlərdə iştirak edir. Zəng edəndə həmişə "Narahat olmayın, sağ-salamat qayıdacağıq,amma torpaqları almadan gəlməyəcəyik"söyləyirdi.



-Aqilin cəbhə dostları  ilə əlaqə saxlamısınızmı?  

- Bəli, onun müharibə yoldaşları ilə görüşmüşəm. Onlara məndən danışıbmış, nə qədər bal yığdığımı, harda oxuduğumu deyib. Yaralıdırlar hazırda. Onlar mənə bildirdilər: “Fəxr elə ki, Aqil kimi qardaşın var. Heç vaxt geri çəkilməzdi, qabaqda gedərdi. Hətta Cəbrayıldan sonra biz 4 əsgər könüllü qabağa getdik". Orda da özünə böyük hörmət qazanıb. Qardaşımla qürur duyuram. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olduğu üçün qabaqda gedirdi. Amma bizə bir dəfə də olsun, qorxuram, acam, ya da soyuqdur demədi. Qismət belə imiş. Amma o, indi cənnətdədir, bizi görür.

"Şərq" ailəsi olaraq qəhrəman Şəhidimizə Allahdan rəhmət diləyirik. Məkanı cənnət, ruhu şad olsun! 

Aysel İbrahimova