Ağdərə iqtisadiyyat, təhlükəsizlik və sülh mərkəzi kimi formalaşır
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həm yaşayış məntəqələrinin, həm sosial obyektlərin, həm də infrastrukturun yenidən qurulması postmünaqişə dövrünün əsas reallıqlarından biridir. Prezident İlham Əliyev Ağdərə və Tərtərə səfəri zamanı burada görülən işlərlə tanış olub, yeni infrastruktur layihələrinin təməlini qoydu, bura köçən keçmiş məcburi köçkünlərlə görüşüb. Prezidentin sakinlərlə birbaşa səmimi dialoqu, onların həyatı, sosial və iqtisadi vəziyyəti ilə maraqlanması dövlət başçısının əhaliyə şəxsi qayğısının göstəricisidir. Belə görüşlər ictimai etimadın artırılmasına və dövlət institutlarına inamın güclənməsinə xidmət edir.
Milli Məclisin deputatı Nigar Məmmədova “Sherg.az”a açıqlamasında bildirib ki, səfər çərçivəsində Tərtərdə yeni istifadəyə verilən Elektromexanika Zavodu regionun iqtisadi dirçəlişini və sənaye potensialının artırılmasını nümayiş etdirir. Bu, milli müdafiə sənayesinin inkişafı, yerli istehsalın təşviqi və strateji sahələrin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır: “Ağdərədə istifadəyə verilən “Qozlukörpü” Su Elektrik Stansiyası isə modern enerji infrastrukturu kimi enerji təhlükəsizliyini gücləndirəcək, həmçinin yaşıl enerji istehsalına töhfə verəcək. Belə ki, bu tip stansiyalar ənənəvi enerji mənbələrinə alternativ olaraq yerli elektrik enerjisi istehsalını artırır, xarici enerji asılılığını azaldır. Ümumiyyətlə, Su Elektrik Stansiyalarının fəaliyyəti nəticəsində regionda yüz milyonlarla kilovat-saat “yaşıl enerji” istehsal olunur. Bu stansiya yerli sənaye və xidmət sektorlarını dəstəkləməklə yanaşı, regionda investisiya mühitini də yaxşılaşdırır.
Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksi də işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Təməli qoyulan Xüsusi Əməliyyat Mərkəzi isə xüsusi təyinatlı bölmələrin fərqli relyef, hava və coğrafi şəraitlərdə hazırlıq keçməsini təmin edəcək kompleks təlimlər üçün nəzərdə tutulub. Azərbaycanın strateji əhəmiyyətli ərazilərindən biri olan Ağdərədə belə bir mərkəzin fəaliyyətə başlaması regionda təhlükəsizlik təminatı və çevik reaksiya sistemləri üçün əhəmiyyət kəsb edir.
Dövlət başçımız Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bir çox vacib mesajlar verdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və suverenliyini möhkəmləndirib. İnsanların dədə-baba torpaqlarına qayıtması, burada rahat və xoşbəxt yaşamasının təmin olunması bu reallığın bir hissəsidir. Azərbaycan azad olunmuş ərazilərdən həm də sülh mesajı verir. Cənab Prezidentin bundan sonra müharibə olmayacağına əminliyini və Azərbaycan dövlətinin güclü bir dövlət olduğunu vurğulaması həm region üçün sabitlik mesajı, həm də vətəndaşlara təhlükəsizlik təminatıdır”.
Ağdərənin baş planının da artıq təqdim olunduğunu xatırladan N. Məmmədova qeyd edib ki, Baş planda 20 illik perspektivdə 14 min nəfər əhali hədəfinin müəyyən edilməsi şəhərin uzunmüddətli perspektivdə daha dinamik inkişafını göstərir: “Beləliklə, Ağdərə bərpa olunan yaşayış məntəqəsi olmaqla yanaşı, həm də regional mərkəz funksiyasını daşıyacaq. Görüləcək işlər Ağdərənin regional inkişafın mühüm məkanı kimi formalaşmasına şərait yaradır. Cənab Prezident də qeyd etdi ki, “Ağdərənin gələcək inkişafı çox parlaq olacaq və şəhər də daxil olmaqla bütün ərazi bərpa ediləcək. Bu bölgənin sənaye və turizm mərkəzinə çevrilməsi üçün şərait yaradılacaq.”