Yaxın günlərdə ABŞ İrana zərbə endirə bilər - EKSPERT

İranla ABŞ arasında uzun müddətdir davam edən gərgin münasibətlər istənilən an hərbi toqquşmaya çevrilə biləcək, təhlükəli mərhələyə daxil olub. ABŞ prezidenti Donald Trampın son açıqlaması bu riski daha da artırıb. Onun sözlərinə görə, İran istiqamətində Venesuelaya göndəriləndən daha böyük hərbi qüvvə yerləşdirilib. ABŞ lideri Tehranın qarşısına iki əsas şərt qoyub: İranın nüvə silahından tam şəkildə imtina etməsi və ölkə daxilində etirazçılara qarşı zorakılığın dayandırılması. İrəli sürülən şərtlərə cavab olaraq, İranın Ali Rəhbərinin müşaviri Əli Şamxani Tehranın artıq texnoloji baxımdan inkişaf etmiş hərbi ssenarilər üzərində işlədiyini bildirib. Artan gərginlik çərçivəsində diplomatik təmaslar da intensivləşib. Dünən İstanbulda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı ilə görüşündə regionda formalaşan təhlükəli vəziyyəti müzakirə edib. İranlı nazir Trampın şərtinə əsasən, ölkənin nüvə silahı əldə etməsinin qarşısını alan razılaşmaya hazır olduğunu bildirib. O, həmçinin ölkəyə qarşı istənilən hərbi hücumun dərhal və sərt cavabla qarşılanacağını vurğulayıb. Mövcud proseslər göstərir ki, diplomatik kanallar işə salınmadığı təqdirdə, tərəflərin yolları danışıqlar masasında deyil, müharibə meydanında kəsişəcək.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında ABŞ ilə İran arasında mövcud hərbi güc balansının kəskin şəkildə fərqləndiyini bildirib:

“İki ölkənin hərbi büdcələri arasında təxminən 60 dəfəlik fərq mövcuddur. ABŞ uzun onilliklərdir ki, dünyanın ən güclü ordusu sırasındadır. İranın hərbi imkanlarını ABŞ ilə müqayisə etdikdə və əvvəlki qısamüddətli müharibələrin nəticələrinə nəzər saldıqda, mümkün qarşıdurmanın taleyini əvvəlcədən müəyyənləşdirmək çətin deyil. Müharibə baş verərsə, ABŞ çox qısa müddətdə İran ordusunu darmadağın edə bilər. İran ABŞ ın zərbələrinə müəyyən cavab tədbirləri görsə də, tərəflərin itkiləri arasındakı fərq əsasən Vaşinqtonun xeyrinə olacaq. Yəni mümkün müharibə ssenarisində İranın itkilərinin dəfələrlə çox olacağı gözlənilir. Xüsusilə dəniz məkanında ABŞ-ın imkanları daha güclüdür. Vaşinqtonun ixtiyarında 13 aviadaşıyıcı olduğu halda, İranın arsenalında bu tip hərbi resurslar, ümumiyyətlə mövcud deyil. Hər bir aviadaşıyıcı, 90-a qədər hava hücum vasitəsi daşımaqla, aviabaza funksiyasını yerinə yetirən kompleks sistemdir”. 

Ekspert mümkün müharibə ssenarisi çərçivəsində İranın ABŞ-a qarşı tək qalacağını və ağır itkilərlə üzləşəcəyini bildirib:

“Digər tərəfdən, artıq üç aviadaşıyıcı zərbə qruplaşması, İran ətrafında Trampın hücum əmrini gözləyir. ABŞ, İran ətrafında yerləşən yeddi hərbi bazasında və müttəfiqlərinə məxsus qüvvələrdə yüksək döyüş hazırlığı səviyyəsi yaratmağa nail olub. Mümkün müharibə ssenarisində İran tərəfində ABŞ a qarşı birbaşa döyüş əməliyyatlarına qoşulacaq heç bir dövlət mövcud deyil. ABŞ isə əksinə, Yaxın Şərq ölkələrinin, NATO-dakı bəzi müttəfiqlərinin və regionda güclü hərbi potensiala malik İsrailin dəstəyini təmin edib. Əgər Tehran Vaşinqtonun tələblərini yerinə yetirməzsə, ABŞ silahlı qüvvələri İrana qarşı hərbi əməliyyatlara başlayacaq. ABŞ İran məsələsində öz prioritetlərindən geri addım atarsa, Trampın siyasi nüfuzu zədələnəcək, belə olan halda İranın ali dini lideri Əli Xamneyinin daxili və regional nüfuzu daha da güclənəcək. Bir sözlə, yaxın günlərdə ABŞ-nin İrana hərbi zərbə endirməsi ehtimalı kifayət qədər yüksəkdir”.

Aybəniz Səfərova