Yaxın Şərqdə ABŞ - İran qarşıdurması: Hücum üçün geri sayım başlayıb?

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu sürətlə gücləndirməsi və Tehrana “zaman daralır” xəbərdarlığı fonunda İrana mümkün birbaşa zərbə ehtimalı açıq şəkildə müzakirə olunur. Hərbi-diplomatik dairələrdə artıq “hücum olacaqmı” deyil, “nə vaxt olacaq” sualının gündəmdə olduğu bildirilir.

Sherg.az xəbər verir ki, ekspertlər ABŞ-ın bölgədə əməliyyat üçün lazım olan əsas qüvvələri yerləşdirdiyini, yalnız siyasi qərarla taktiki anın üst-üstə düşməsinin gözlənildiyini deyirlər. ABŞ prezidenti Donald Tramp da “lazım gələrsə sürət və güclə hərəkət etməyə hazır olduqlarını” vurğulayıb, lakin İrana verdiyi möhlətin dəqiq vaxtını açıqlamayıb. ABŞ mediasında Trampın 1 fevralda hücum əmri verə biləcəyi iddiaları səslənir.

Tehran isə yalnız “bərabər şərtlərlə” danışıqlara açıq olduğunu bildirir və istənilən hücuma dərhal cavab veriləcəyini bəyan edir. İran Hörmüz boğazında real döyüş sursatı ilə təlimlər keçirməyə hazırlaşır, hərbi rəhbərlik isə “əllərimiz tətikdədir” mesajı verir.

Analitiklər masada iki əsas ssenarinin olduğunu qeyd edir: birincisi məhdud, hədəfli zərbələr; ikincisi isə İran rəhbərliyi və əsas hərbi-strateji obyektləri əhatə edən genişmiqyaslı hücum. Ən böyük risk isə İranın İsrail və bölgədəki hədəflərə cavab zərbələri endirmək imkanının qalmasıdır.