Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakim and içib.

Ali Məhkəmədən APA-ya verilən xəbərə görə, Ali Məhkəmə Plenumunun növbəti iclasında hakimlərin andiçmə mərasimi olub.

Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda hakimlərin seçimi prosesi şəffaflaşdırılıb və sadələşdirilib. Diqqətə çatdırılıb ki, hakim yalnız hüquqi mübahisəni həll etmir, həm də insan taleyini müəyyən edir. Bu baxımdan hər bir işə həssaslıqla, diqqətlə və məsuliyyətlə yanaşmaq, ədalətin vaxtında və qərəzsiz təmin olunmasına xidmət etmək hakimlərin başlıca vəzifəsi olmalıdır. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər and içiblər, onlara hakimin xüsusi geyim forması təqdim olunub.

Yeni təyin olunmuş hakimlər Aybəniz Rəhimova və Əli Camalov çıxış edərək, onlara göstərilən etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.