"Yoldaşını tankdan çıxarmaq istəyəndə snayper ürəyindən vurub"
Yusif Sultanoğlu
09:05 15.01.2021
Gündəm
1148
Şəhid Arif Qeybiyevin döyüş yolunu həyat yoldaşı "Şərq"ə danışır
Şəhid haqqında yazmaq çox çətindir, çox. Ağrıların içində qovrulursan sanki. Yaza-yaza qəhərlənirsən. Vətən uğrunda özünü şam edənlərin yarım qalan həyatları, nakam arzuları, geridə qoyduqları adamın ürəyinə od salır.
Həm də şəhidlərimizi təsvir edəcək bir söz tapmaq da çətindir. Axı nə deyəsən ki, bu müqəddəs oğullara layiq olsun?
Şübhəsiz ki, sözlər də bizim kimi, onların uca məqamları qarşısında acizdir.
“Şərq” bu dəfə də oxucularına Vətənin şəhid balalarından birini tanıdacaq. Qeybiyev Arif İsmayıl oğlu 1997-ci ildə Astara rayonunun, Səncərədi kəndində dünyaya göz açıb. Orta məktəbdə oxuyarkən atletika ilə məşğul olub. Hətta atletika üzrə yarışlarda birinci, ikinci və üçüncü yerlərə layiq görülüb, üç qat Azərbaycan çempionudur.
Arif Astara rayon Pedaqoji kollecinin Bədən tərbiyəsi fakültəsində təhsil alıb. İdman üzrə nailiyyətlər qazanıb, fəxri fərmanlarla təltif olunub. Əlliyə yaxın diplomunun 30-u birincilik əldə etdiyi üçün verilib. 2015-ci il Olimpiya oyunlarında iştirak edib. Astarada Tarixi İpək yolu alov qoruyanların sırasında məşəl yandırıb.
Nəhayət, 2016-cı ildə kolleci bitirib, hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. O həmin vaxtda da uğurlar qazanıb, fəxri fərmanla təltif olunub. Xidmətdən sonra orduya yazılmaq üçün sənəd verib. Üçüncü cəhddən sonra Füzuli rayonunda kursa çağırılıb. Arif 2019-cu ilin yanvar ayında Ağcabədidə N saylı hərbi hissədə “Maxe” vəzifəsində, tankçı tuşlayıcı kimi işə başlayıb. Ardınca Füzuli rayonuna göndərilib. Bundan sonrası isə Vətən müharibəsidir...
Onun ömür-gün yoldaşı İranə Qeybiyeva danışır ki, Arif İkinci Qarabağ müharibəsinin birinci günündə şəhadətə ucalıb:
“Döyüşün qızğın vaxtı Arif dostu Teymurlu Mirrahilin tankının minaya düşdüyünü görür. Özü tankdan çıxıb, 200 metr məsafədə olan silahdaşına köməyə gedib. Tankın üstünə qalxıb. O nə qədər tankın lükünə vursa da, dostundan səs gəlmir. On beş dəqiqə ərzində cəhd edir, lakin lükü aça bilmir. O an Arif snayper gülləsi ilə ürəyindən vurulur. Döyüş yoldaşları onu çətinliklə səngərə aparırlar. Onların sözlərinə görə, Arif son dəfə deyib ki, məni atamın yanında dəfn edərsiz, qızım, ailəm sizə əmanətdir. Bunu söyləyib, şəhid olur. Xilas etməyə çalışdığı Teymur da tankda yanaraq şəhadətə ucalıb. Arif Astara rayonunda Məhəmməd Hənifə Məscidinin həyətində, vəsiyyətinə uyğun atasının yanında dəfn olunub”.
İranə xanım yoldaşını saf, ürəyi təmiz bir insan kimi xatırlayır:
“Tez əsəbiləşib, tez sakitləşərdi. Gözəl həyat yoldaşı idi, ailəsinə bağlıydı. Evdən işə çatana qədər on dəfə zəng vurub, maraqlanardı. İmkan tapdıqca gün ərzində dəfələrlə danışırdıq. Qızına çox düşkün idi. Hər zəngində əvvəlcə Gülnuru soruşurdu. Dönə-dönə övladımızı mənə tapşırırdı. Hətta sentyabrın 26-sı danışdıq. Dedi ki, Gülnur sənə əmanətdir, mən olmasam da ona yaxşı bax”.
Xanımı söyləyir ki, Arif tez-tez şəhidlik haqqında danışarmış: “Deyirdi, şəhid olacam. Ağlayırdım ki, bəs mən nə edərəm? Qızımızı necə böyüdəcəm. O isə cavab verirdi: “Mənim şəhidliyimlə qızım da ucalacaq. Hər yerdə öndə olacaq. Deyəcəklər ki, qəhrəmanın qızıdır. Şəhidliyimə görə sıxıntınız olmaz. Mənimlə fəxr edərsiz”. Yəni şəhidliyi özü arzulayırdı. Toyumuzda belə maşınları bayraqla bəzədi. Bir də həmişə bu sözü təkrarlayırdı: “Çöldə pis-pis ölməkdənsə, Vətən yolunda şəhid olaram. Bayraqla qarşılayarlar məni”.
Və İranə xanım Arifin yoxluğu ilə barışa bilmir:
“Bir boşluqdayam, ordan çıxmağı bacarmıram. Təsəllim onun məzar daşıdır. Arif mənə həyat yoldaşından ötə idi. Onsuz yaşamaq çox çətindir. Hər an ağlımdadır, heç yadımdan çıxmır. İnanın, paltarlarını geyinirəm, onun xatirələri ilə yaşayıram, bütün gün fotolarına baxıram. Sanki həyat mənim üçün dayanıb. Bir də biz 2 il nişanlı qaldıq, 1il 5 ay ailəli olduq. Bu müddət ərzində mənə illərin xoşbəxtliyini yaşatdı”.
Qeyd edək ki, Arif Qeybiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı
Zeynəbin axtarışları hələ də davam edir - VİDEO
11:12 10.07.2026
Hadisə
Rusiya XİN-dən Ukrayna və NATO ilə bağlı sərt açıqlamalar
10:54 10.07.2026
Dünya
Türkiyənin F-35 proqramına qayıdışı Afinada narahatlıq yaradıb
10:25 10.07.2026
Dünya
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm