- “48 yaşım var idi, Polad Həşimovun şəhadətindən sonra cəbhəyə getmək üçün ərizə yazdım”
- “Biz 20 faiz torpağı itirmədik, 80 faiz Vətənimizi qoruduq”
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli qürur və qalibiyyət salnaməmizin ən parlaq səhifələrindən biridir.
Bu tarix xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, Vətən sevgisinin və torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan oğullarımızın qəhrəmanlığının təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin fədakarlığını bütün dünyaya nümayiş etdirdi. Bu Qələbənin arxasında isə illərlə davam edən mübarizə, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və müharibə iştirakçılarının unudulmaz döyüş xatirələri dayanır.
Zəfər Günü həm də keçmişlə bu gün arasında mənəvi körpü yaradır. Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsinə qalxanların mübarizə əzmi sonrakı nəsil döyüşçülər üçün örnəyə çevrildi. İki müharibənin iştirakçılarının xatirələri, döyüş yolu və yaşadıqları təcrübələr isə Zəfərin hansı ağır sınaqlardan keçərək əldə edildiyini bir daha xatırladır.
I və II Qarabağ müharibələrinin iştirakçısı, yazıçı və jurnalist İlham Tumas Zəfər Gününün əhəmiyyəti, müharibə iştirakçılarının cəmiyyətdə yeri, döyüş xatirələri və qəhrəman silahdaşları ilə bağlı fikirlərini Sherg.az-la bölüşüb:
“Yalnız 7-8 noyabr ərəfəsində deyil, bütün günlərdə təkcə mən yox, bütün Vətən müharibəsi qaziləri və iştirakçıları yada salınmalı, onlarla söhbətlər aparılmalıdır. Bir qədər cəsarətli olmaq, bu istiqamətdə daim fəaliyyət göstərmək lazımdır.
Zəfər Günü bizim üçün çox böyük əhəmiyyət daşıyır. 8 Noyabr 200 illik əsarətimizə son qoyan tarixi Qələbənin təcəssümüdür.
Məsələn, bu gün RTV kanalında qonağım Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli Rəşad Aslanov oldu. O, əsl canavar bir qardaşdır, Şuşaya ilk daxil olanlardandır. Mənim üçün çox dəyərli biridir. O, polkovnik adamdır. Mənim kimi qoca baş leytenantın dəvətini qəbul edib verilişimə gəlməsi onun nə qədər gözəl mənəviyyata sahib olduğunu göstərir.
Sizə verilişdə müzakirə etdiyimiz bir məqamı qısaca danışım. Ondan soruşdum ki, necə olur, bütün XTQ mənsubları, rütbəsindən və döyüş təcrübəsindən asılı olmayaraq, məndən cavan zabitlər mənə hər zaman ağsaqqal deyirlər? Bu, niyə belədir? Dedi ki, çünki Birinci Qarabağ müharibəsi ilə bağlı məşhur bir söz var: “20 faiz torpağı itirmədik, 80 faiz torpağı qoruduq”. Biz onların davamçılarıyıq”.
Müsahibimiz bildirib ki, Birinci Qarabağ müharibəsində iştirak edəndə onun cəmi 19 yaşı olub:
“Universitet auditoriyasından qalxıb döyüşə getmişdim. Daha sonra hərbi xidmətdə oldum, artıq bir qədər yetişmiş, 26 yaşlı zabit idim. O dövrdə Polad Həşimovu, Raqif Orucovu və digər dostlarımızı, generallarımızı, yüksək rütbəli zabitlərimizi gördüm. Biz onların yanında tərbiyə aldıq, onlardan çox şey öyrəndik.
İkinci Qarabağ müharibəsi başlayanda, Polad Həşimovun şəhadətindən sonra ərizə yazdım və sentyabrın 21-də toplanışa çağırıldım. Əvvəlcə düşündüm ki, 48 yaşım var, mənim toplanışda nə işim var? Sonradan məlum oldu ki, müharibə başlayacaqmış. Təbii ki, biz o zaman bu barədə məlumatlı deyildik.
Zəfər Günü münasibətilə bütün “Şərq” qəzetinin kollektivini təbrik edirəm. “Şərq” qəzeti mənim üçün doğma qəzetdir.
-Mənim xalqa müraciət etmək kimi bir səlahiyyətim yoxdur. Çünki xalqa müraciət etmək səlahiyyəti dövlət başçısına məxsusdur. Bəzən jurnalistlər belə ifadələr işlədirlər ki, guya xalqa müraciət edirlər. Xeyr, mən bunu edə bilmərəm. Bu, düzgün deyil. Xalqa yalnız dövlət başçısı müraciət edə bilər. Çünki onu bütün xalq seçir.
Mən yalnız sizi, sizin rəhbərinizi, döyüşən qardaşlarımızı, qazilərimizi və veteranlarımızı təbrik edə bilərəm. Allah şəhidlərimizə rəhmət eləsin!”