“Düşmən və dost olmayan qüvvələr pusqudadır, diplomatiyamız çevik olmalıdır”
Əkrəm Bəydəmirli: “Azərbaycanın Qələbəsi türk dünyasında yeni siyasi canlanma yaratdı”
Tariximizin möhtəşən günlərindən birinin – Zəfərimizin növbəti ildönümü ölkəmizin hər guşəsində təntənə ilə qeyd olunur. Bizə bu sevinci, qüruru, fəxri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Vətən qazilərinə can sağlığı, uzun ömür arzulayır, bu qələbəni bizə nəsib edən şanlı ordumuza güc-qüvvət diləyirik. Bu qələbənin qazanılması Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin qətiyyətinin nəticəsi, xalq-dövlət birliyinin bariz təzahürü idi.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Shergş.az-a açıqlamasında qeyd etdi ki, zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır:
- Tarixi Zəfərimizlə, xüsusilə Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Şuşanı və digər yurd yerlərimizi gəzərkən həmin möhtəşəm hərbi əməliyyatlarda iştirak edib şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı, əsgərlərimizin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir. Bütün çətinliklərə baxmayaraq, düşünürük Qüzey Azərbaycanın, xüsusilə Şuşa və Xankəndi daxil olmaqla bütün ərazilərini azad görmək xoşbəxtlikdir. 44 günlük Vətən müharibəsi yalnız Azərbaycanda deyil, bütün türk dünyasında canlanmaya səbəb oldu. Etiraf etmək lazımdır ki, Azərbaycanın tarixi qələbəsindən sonra uzun müddət Rusiyanın təhdidləri ilə üzləşmiş Mərkəzi Asiya Respublikalarında yeni dönəm başladı. Həmin ölkələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıqda xeyli fəallaşdılar. Kifayət qədər bağlılığı olan, oxşar kökdən, mədəni dəyərlərdən şaxələnən türk xalqları və dövlətləri arasında yeni dönəm başladı. Hətta həmin türk dövlətlərinin bəziləri işğaldan azad olunmuş bu ərazilərə, Qarabağa quruculuq işləri üçün sərmayələr ayırdılar. Düşünürük bu müsbət tendensiya daha da genişlənəcək.
Ə.Bəydəmirli bildirdi ki, 44 günlük Vətən müharibəsi xülyalarla yaşayan, separatizmə və terrora meylli dünya erməniliyinə və onların himayədarlarına ciddi zərbə oldu:
- Şəbəkələşmiş həmin qüvvələr bu gündə boş dayanmırlar. Hətta ABŞ-dakı aralıq seçkilər zamanı Demokrat Partiyasından qanunverici orqana yeni düşən bəzi ermənipərəst deputatlar ilk addımlarında sayıqlamalara yol verdilər. Ermənilərin müqəddəratından, Qarabağ ermənilərindən danışdılar. Bütün bunlar başqa söhbətin mövzusu olsa da, sülhə, sabitliyə, Azərbaycanın ərazi bötövlüyünə təhdidlərin qaldığını unutmamalıyıq. Və bu istiqamətdə çox aktiv şəkildə adekvat tədbirlərin görülməsi, diplomatiyamızın daha da çevik olması zəruridir. Unutmamalıyıq ki, düşmən və dost olmayan qüvvələr hər zaman pusqudadır. Nəhayət ki, Zəfərimizə uyğun cəmiyyət qurmalıyıq. Quruculuq prosesi Vətəndaş Cəmiyyətinin rolunu artırmaqla, vətəndaş məmnunluğunu təmin etməklə, rifahını yüksəltməklə, keyfiyyətli təhsilə nail olmaqla və digər istiqamətlərdə davam etməlidir. Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq faydalı olar. Dövlətimiz qüdrətli, Zəfərimiz mübarək, müstəqiliyimiz əbədi olsun!