Zelenski avropalı dostlarının qurbanı oldu

Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi
Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dir

Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib. Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər. ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlardan sonra təəssüratını sosial şəbəkə hesabında bildirib. Tramp yazıb: 

“Bu gün Ağ Evdə çox mühüm görüş keçirdik. Bu cür alovlu və təzyiq altında danışmadan heç vaxt başa düşülməyəcək çox şeylər öyrəndik. Emosiyalar vasitəsilə ortaya çıxanlar heyrətamizdir və mən müəyyən etmişəm ki, Prezident Zelenski Amerikanın iştirak etdiyi təqdirdə sülhə hazır deyil, çünki o, bizim iştirakımızın danışıqlarda ona böyük üstünlük verdiyini hiss edir. Mənə üstünlük lazım deyil, SÜLH istəyirəm. O, Amerika Birləşmiş Ştatlarının əziz Oval Ofisində ona hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”. 

Zelenski: "Bizim üçün çox çətin olacaq"

Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə mübahisə edəndən sonra “Foks Nyus”a açıqlamasında deyib ki, ABŞ-nin köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin olacaq. Zelenski “ABŞ-nin dəstəyi olmadan Ukrayna Rusiyaya müqavimət göstərə biləcəkmi” sualına bu cür cavab verib: “Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandır? Xeyr, bunu bizsiz edin”. O vurğulayıb ki, ukraynalılar genişmiqyaslı işğalın başlanğıcını yaxşı xatırlayırlar və yeni işğal dalğası ilə üzləşmək istəmirlər: “Ona görə də mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz təzyiq etmirik, sadəcə, xahiş edirik. Biz tərəfdaşlarımız, dostlarımız və amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm, amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq". Zelenski həmçinin əlavə edib ki, Ağ Evdəki mübahisə hər iki tərəf üçün yaxşı deyil.

Conson: "Zelenski özünü toparlayıb danışıqlara qayıtmalıdır"

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski minnətdarlıq əlaməti olaraq özünü toparlayıb, danışıqlar masası arxasına qayıtmalıdır: "Ya da başqası ölkəyə rəhbərlik etməlidir ki, Kiyev ABŞ ilə danışıqlar zamanı əldə olunan sülh razılaşmasını həyata keçirməyə davam etsin. Prezident Tramp bu iki tərəfi sülhə gətirməyə çalışır. Prezident Zelenskinin Ağ Evdə etdikləri, əslində, bizə onun hələ buna hazır olmadığına dair bir siqnal idi və məncə, bu, böyük məyusluqdur. Tramp bunu çox açıq şəkildə ifadə edib - Zelenski sülhə hazırdırsa, onda biz razılığa gələ bilərik".

Zelenski Trampla görüşdə bu ideyanı irəli sürdü...

Ağ Evin mətbuat katibi Karolina Levitt deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb, bu, münaqişəni dayandırmaq istəyinə ziddir: “Oval kabinetdə Zelenski dərhal Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını irəli sürməyə başladı. Komandamız aktiv danışıqlar aparır və heç kəs Tramp qədər bu müharibəni bitirmək istəmir. O, seçkiöncəsi kampaniyası zamanı bu barədə danışıb, lakin proses üçün müvafiq addımlar gərəkdir. Zelenski isə atəşkəsə razılaşmayıb. Əgər müharibəni sonlandırmaq istəyirsinizsə, necə döyüşlərin dayandırılmasına razı ola bilməzsiniz?”.

Uolts: "Zelenskiyə şübhə edirik, başqa lider lazımdır..."

ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib ki, ABŞ-yə elə bir Ukrayna lideri lazımdır ki, onunla iş apara bilsin: "Tramp administrasiyası Prezident Volodimir Zelenskinin Ukraynadakı münaqişəyə son qoymaq və xoş niyyətlə danışıqlar aparmaq istəyinə şübhə edir". Uolts vurğulayıb ki, ABŞ Ukraynanı NATO üzvü kimi görmür.

Trüdo Zelenskini təriflədi: Trampla görüşdə...

Kanada Baş naziri Castin Trüdo deyib ki, Ağ Evdə qalmaqallı mübahisə zamanı Ukrayna Prezidenti Volodimir Zelenski iki ABŞ liderinə Ukraynadakı müharibə ilə bağlı vəziyyəti izah etməyə çalışmaqla düzgün addım atıb. "Hər fürsətdə faktları mümkün qədər aydın şəkildə təqdim etmək vacibdir". O vurğulayıb ki, 2022-ci ildə baş verənlər Rusiyanın Ukraynaya ilk müdaxiləsi deyil, Moskva əvvəllər əldə edilmiş mövcud barışıq rejimini pozub. Trüdo qeyd edib ki, Rusiya sadəcə olaraq hücumu dayandırsa, müharibə sabah bitə bilər: "Rusiya qanunsuz və əsassız olaraq Ukraynaya təcavüz etdi. Artıq 3 ildir ki, ukraynalılar cəsarətlə və dözümlə mübarizə aparırlar. Onların mübarizəsi hamımız üçün vacib olan demokratiya, azadlıq və suverenlik uğrundadır. Kanada ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və Ukrayna xalqının yanında olmağa davam edəcək".

NATO-dan Zelenskiyə: Trampla münasibətləri bərpa et!

NATO Baş katibi Mark Rutte Prezident Volodimir Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb və onların mübahisəsini “təəssüf doğuran" hal hesab edib: “Ukrayna mütləq Tramp administrasiyası ilə münasibətləri normallaşdırmağın yolunu tapmalıdır". 

Melonidən ABŞ-yə çağırış: Təcili sammit keçirək!

İtaliyanın Baş naziri Corciya Meloni ABŞ, Avropa və müttəfiqlərini təcili zirvə toplantısı təşkil etməyə çağırıb. Meloni Ağ Evdə Trampla Zelenskinin görüşü və baş verən mübahisədən sonra zirvə toplantısı keçirməyin vacibliyini qeyd edib: “Qərbin parçalanması hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin işinə yarayır. Son illərdə birlikdə müdafiə etdiyimiz Ukrayna başda olmaqla, bugünkü böyük çağırışları və gələcəkdə həll yollarını müzakirə etmək üçün ABŞ, Avropa dövlətləri və müttəfiqləri arasında təcili zirvə toplantısı təşkil etmək lazımdır”. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib ki, danışıq aparan tərəfdaşlar bütün dünyanın gözü qarşısında alçaldıldıqda diplomatiya uğursuz olur: "Ağ Evdəki səhnə nəfəsimi kəsdi. Mən heç vaxt inanmazdım ki, biz bir gün Ukraynanı ABŞ-dən müdafiə etməli olacağıq". Finlandiya Prezidenti Aleksandr Stubb deyib ki, Ağ Evdəki hadisələrin yeganə qalibi Rusiya Prezidenti Vladimir Putin oldu: “Bu, diplomatik uğursuzluq idi və yekunda yalnız bir qalib oldu, o, heç orada deyildi. Bu, Vladimir Putindir”.

Kreml Putinin Tramp-Zelenski mübahisəsinə reaksiyasını şərh edib

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putinin Tramp və Zelenskinin Ağ Evdə mübahisə etdiyini gördüyünü söyləyib: "Sözsüz ki, o, baş verənlərin mahiyyətinə bələddir. Üstəlik, bu nüansları ilə bütün dünya ictimaiyyəti üçün əlçatan idi. Ona görə də prezident onun bütün nüanslarını bilir. Kifayət qədər görünməmiş bir hadisə idi və Zelenski bir çox cəhətdən tam diplomatik bacarıqların olmadığını nümayiş etdirdi. Rusiya prezidenti baş verənləri diqqətə alıb. Bütün Rusiya bir daha Putinin haqlı olduğuna əmin oldu. Rusiya tərəfinin danışıqlar prosesinə açıq olmasına baxmayaraq, bu xoş niyyətlərin Ukraynanın bu cür dinamikanı saxlamaq istəməməsinin əleyhinə olduğunu Vaşinqtonda tam şəkildə gördük".

"Baş verənlər dünyanın gələcəyinə, bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək"

ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a deyib ki, ABŞ-də, Ağ Evdə baş verən Tramp-Zelenski “söz davasının” nəticələri haqqında soyuq başla düşünmək çətindir, amma başqa yol da yoxdur. Çünki baş verənlər dünyanın gələcəyinə, o cümlədən, bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək. Partiya rəhbərinin sözlərinə görə, problem odur ki, Ukrayna müharibə aparmaq istəyirsə, ABŞ-yə möhtacdır, yox, bu məsələni sülh yolu, danışıqlarla həllinə çalışacaqsa, yenə ABŞ vazkeçilməzdir:

"Ağ Evdə baş verənlərin ən böyük üzücü nəticəsi odur ki, bu hadisə Putinin işinə yaradı. Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi, danışıqlara getdi, Zelenski isə emosiyalarının deyil də, avropalı dostlarının qurbanı oldu. Bu günün Avropası Trampın və komandasının ideoloji düşmənidir. 4 illik dözə bilərlər, amma Respublikaçılar uzun müddət hakimiyyətdə qalsa, növbəti seçkilərdə hakimiyyətə Münhendə Avropa elitasının üzünə tüpürən Ceyms Vens keçsə, bu artıq Avropanın indiki elitası üçün dəhşət olacaq. Çünki uzun illər apardıqları axmaq siyasətin köləsinə çevriliblər. Avropada da sürətlə sağ, konservativ siyasi cərəyanlar güclənirlər. Münhendə ABŞ-nin Avropaya qarşı mövqeyi, sonradan Avropanın masadan kənarda qalması “elitanı” qəzəbləndirdi. Onlar da Ukrayna əsgərinin canı-qanı hesabına masada yer almağa çalışırlar, bunun üçün Zelenskidən istifadə edirlər. Üzücü mənzərədir. İndi Putin, “mən danışmağa, anlaşmağa, hətta güzəştlərə razıyam”, deyir. Trampa, “görürsən, problem Ukraynada, Avropadadır” söyləyir. Deməli, “ikili şantaj” metodunun Ukrayna ayağı işə düşür. Moskvanın istədiyi də bu idi". 

"Avropa nə vaxt birləşib Rusiyanın üzərinə gedibsə, məğlub olub"

N.Cəfərliyə görə, əgər Zelenski ABŞ ilə anlaşsaydı, Avropanın gedər ayaq öz maraqlarını düşünən kif basmış “elitasını” dinləməsəydi, bu metodun Rusiya “ayağı” işə düşəcəkdi: "Amma hələ də gec deyil, vəziyyəti düzəltmək olar. Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dir. Ukrayna da, Rusiya da uduzub, sadəcə, bu məğlubiyyəti normal rəsmiləşdirmək lazımdır. Avropa “siyasi impotentdir”, birləşə, birgə siyasət yürüdə bilmir. Putinin güclənməsinə səbəb olan da onlardır. Avropa nə vaxt birləşibsə, Rusiyanın üzərinə gedib, amma məğlub olub. İndi ABŞ əlini çəksə, Avropa Rusiya ilə vuruşmağa, "ölməyə" hazırdırmı?! Məncə, yox, dərdləri heç Ukrayna da deyil, yeni qurulan “geo-iqtisadi” təməllər üzərinə inşa edilən dünya düzənində yer almaq dərdindədirlər. Ağılları olsaydı, Türkiyəni 30 il AB qapısında saxlamazdılar. Bu gün Türkiyə AB üzvü olsaydı, öz arxasınca Avropanı apara bilərdi. Çünki Avropa coğrafiyasında dövlət maraqlarına görə ölməyi, vuruşmağı, qalib gəlməyi gözə alan bircə ölkə var ki, o da Türkiyədir. Xülasə, Rusiyanı qucaqlayıb boğmaq, iqtisadi olaraq çökdürməkdən başqa yol yoxdur. ABŞ bu gün məhz belə yanaşma ortaya qoyur. Reyqanın etdiyini edir, amma hələ də köhnə dünyanın gündəliyi ilə yaşayan “sol-psevdo-liberal” Avropa elitası bunu anlaya, bununla barışa bilmir.